“Müdafiə naziri və onun rəhbərliyi, ordunun cavabdeh şəxsləri qeyri-səmimidirlər”. AzPolitika.info-nun məlumatına görə, bunu hərbi ekspert Üzeyir Cəfərov mətbuatda müdafiə naziri Zakir Həsənovun əsgərlərə dərc edilən müraciətinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi rəhbərliyinin sözləri ilə əməlləri üst-üstə düşmədiyinə görə, ictimai qınağa çəkilməlidir:
“Bu gün iyul ayının 1-dir və 2014-cü ilin bu ayları ərzində 47 nəfər hərbi qulluqçumuzu itirmişik. Ötən ilin oktyabr ayından - Zakir Həsənov müdafiə naziri vəzifəsinin icrasına başladıqdan sonra ordumuzda qeyri-döyüş itkilərinin sayı kifayət qədər artıb. Ədalət naminə deyək ki, nazirin ilk addımları zamanı komandirlər yerlərdə bir qədər məsuliyyət hisslərini artırdıqlarına görə, hərbi qulluqçular arasında ölüm-itim hallarının azalması müşahidə olunsa da, indi "ölüm maşını" yenə öz işini görməkdədir. Cəmiyyətin bu əsgər ölümlərinə də münasibəti məni çox təəccübləndirir. Məgər ölən əsgər bizim övladımız deyil? Nə baş verdi ki, bundan əvvəl aləmi dağıdan mətbuatımız, siyasi qurumlar və ictimai təşkilatlar indi əsgər ölümlərinə biganəlik nümayiş etdirirlər? Sanki, hami, "məndən ötdü, qardaşıma dəydi" prinsipi ilə yaşayır. Çoxsaylı "Əsgər Anaları", "Ordunun Dostları" və adını çəkmədiyim qurumlar isə bu acı mənzərəyə susur və yalnız kamera qarşısına çıxıb boğazdan yuxarı sözlər deməklə məşğuldurlar. Bir də, müxtəlif qurumlardan aldıqları qrant dəstəyi ilə özlərinin varlığını göstərmək istəyirlər. Halal xoşunuz olsun aldığınız pullar. Amma, vicdan da yaxşı şeydir ki, bu qədər ailələrin qapısına "qara xəbər" gəlir, gül kimi cavanların həyatı qırılır, genefondumuza zərbə dəyir, ancaq buna təpki göstərməli olan qurumlar susurlar."

Üzeyir Cəfərov daha sonra Zakir Həsənovu öz qohumunu qanunsuz yolla yüksək vəzifəyə təyin etməkdə ittiham edib. "Zakir Həsənov müdafiə naziri postuna təyin edildikdən sonra, ilk təyinatlarından biri yaxın qohumu olan, mülki şəxs Elxan İbrahimovu ordu sıralarına çağıraraq ona birdən-birə "mayor" rütbəsi verməsi oldu. Heç bir hərbi təhsili olmayan bir şəxsə mayor rütbəsini verməsi azmış kimi, ona Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının sədri postunu həvalə edib. 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar isə ona artıq polkovnik-leytenant hərbi rütbəsini verib. Budurmu nazirin haqq-ədalət dediyi məsələlər? Siz bu hərəkətinizlə özünüzə gələcəkdə çox böyük problemlər yaradırsınız, yoldaş Zakir Həsənov! Əvvəlla, Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 7-ci maddəsini kobud şəkildə pozur, həm də vəzifə səlahiyyətlərinizdən sui-istifadə edirsiniz. Sizin hərəkətləriniz ordu sıralarında çox böyük narazılıq və ruh düşkünlüyü yaradır. Sizin hərəkətiniz o vaxt alqışlanar və təqdir olunardı ki, siz həmin 8 aya polkovnik-leytenant rütbəsini verdiyiniz yaxın qohumunuzu döyüş bölgəsində hansısa məsul vəzifəyə təyin edərdiniz. Sizin Elxan İbrahimovu o vəzifəyə niyə və hansı məqsədlə təyin etməyinizi hamı gözəl anlayır.
Belə çıxır ki, zabit olmaq üçün heç də hərbi təhsil almaq vacib deyilmiş. Kifayət edir ki, kimsə kimin dostu və ya qohumu olsun. Nəticə çıxarın, yoldaş müdafiə naziri. Elə düşünməyin ki, ordu sıralarında sizə həvalə edilmiş postda istədiyiniz özbaşınalığı və qanunsuzluğu edə bilərsiniz. İndi edə bilərsiniz, amma bir gün qarşınızda elə bir aşılası mümkün olmayan baryer olacaq ki, heç kim sizi bu acınacaqlı durumdan xilas edə bilməyəcək. Yaxşı işlərinizə görə sizə çox sag ol deyənlərdən biri də mənəm. Amma, qanunlara hörmətsizlik edəndə, yaxşıca düşünün və sonra əlinizə qələm götürb sənədlərə imza atın”.
Ülkər Musazadə

Şərhlər