Bakı Slavyan Universitetinə gələn xarici qonaqların dediklərindən belə çıxır ki, bu ali məktəbdə təhsilin keyfiyyəti durmadan artır. Bizim görmədiyimizi xaricilər görür, hətta duyurlar. Uzun illərin pedaqoqu kimi onu deyə bilərəm ki, bu universitetdə əməkhaqqından müəyyən qədər tutulmalar və əməkhaqqının verilməsində gecikmələr olmasa, görün nələr baş verərdi. Sessiyalar vaxtından əvvəl başa çatardı, müəllimlər tələbələri kəsməzdilər və s.
BSU-da təhsilin keyfiyyətinin sıçrayışlı inkişafını dərindən hiss edən amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys bu ali məktəbə Amerika Birləşmiş Ştatlarının iki yüksək səviyyəli medalını təqdim edib. Piter Teys BSU-dakı mükəmməl təhsil mühitinə, müasir tələblərə cavab verən tədris şəraitinə görə universitetin rektoru, professor N.Əliyevaya Amerika Konqresi Muzeyinin hazırladığı hədiyyəni, Amerika bayrağı və Amerikanın Vaşinqtondakı Azadlıq heykəlini simvolizə edən medalları təqdim edib. Bundan əlavə, Piter Teys Donald Trampın Seçki komandasının loqosunu da universitetə bağışlayıb. Başqa sözlə, bu Teys cənabları əlinə keçəni bu universitetə gətirib. Bir məsələ başa heç düşülən deyil. ABŞ da Azadlığa aid 3 medal mövcuddur: Prezidentin Azadlıq medalı, Azadlıq medalı - bu 2-ci Dünya müharibəsindəki fədakarlığa görə və Azadlığın Filadelf medalı - bu medal isə ABŞ Konstitusiyasının Milli Mərkəzi tərəfindən təltif olunur ki, 2017-ci ildə Con Makkeynə verilib. Bu medalların heç biri Slavyan universitetinə verilməyib. Amerikanın bayrağı Bakıda da satılır. Məsələn, mən də onu alıb, Teysiyə bağışlaya bilərəm. Qaldı Trampın seçki komandasının loqosuna, bu universiteti lap ələ salmaqdır. Belə hədiyyə olar? Slavyan Universiteti Mərkəzi Seçki Komissiyasıdır?
Piter Teysidən əvvəl Nurlana Əliyeva ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Haydi Simit və Montereydəki Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun nümayəndəsi Deyvid Viki qəbul edib. Qeyd olunur ki, görüşdə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sahibə Qafarova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Ülviyyə Abbasova iştirak ediblər. Sual olunur: Mədəniyyət və Təhsil işləri üzrə müşavirin qəbulunda Rafiq Novruzov niyə iştirak etməlidir? Bəs Telman Cəfərov hardadır? Ali məktəblərin demək olar ki, hamısında ikinci vəzifə tədris işləri üzrə prorektor sayılır. Rektor məzuniyyətə çıxdıqda, ezamiyyətə getdikdə, yaxud vəzifəsindən çıxarıldıqda onun vəzifələrini müfəqqəti olaraq Tədris işləri üzrə prorektor icra edir. Məsələn, Texniki Universitetdə rektor səlahiyyətlərini icra edən Tədris işləri üzrə prorektordur. Yaxud Səməd Seyidov vəzifəsindən çıxarılandan sonra rektor səlahiyyətlərini Tədris işləri üzrə prorektor icra etdi. Bəs Slavyan Universitetində nə baş verir? Telman Cəfərov dura-dura Rafiq Novruzov ortalıqdadır. Deyirlər rektor olmayanda onu Rafiq Novruzov əvəzləyir. Yaxşı, bəs Təhsil Nazirliyi hara baxır, görəsən?
Yadıma Telman Cəfərovla Rafiq Novruzovun Novruz bayramında yumurta döyüşdürmələri düşdü. Deyəsən yumurtası qırılan Telman Cəfərov olub. Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva Piter Teysin mükəmməl təhsil mühitinə, müasir tələblərə cavab verən tədris şəraitinə verdiyi qiymətin qarşılığında Sizcə, nədən danışsa yaxşıdır? Multikulturalizmdən! Məncə əlavə şərhə ehtiyac yoxdur.
Telman Cəfərova münasibət isə heç yadımdan çıxmır. Onun Sizif əməyinin rektor tərəfindən qiymətləndirilməməsi istər-istəməz adama pis təsir edir. Məgər o, Universitetin Beynəlxalq Əlaqələr Şəbəsinin müdiri Ülviyyə Abbasovadan da aşağı statuslu vəzifə tutur? Telman Cəfərov yaxşı işçi olmaya bilər, ancaq rektor mövcud qaydalara mütləq əməl etməlidir.
E. Əlizadə


Şərhlər