Menu

Azərbaycanın əməkdar elm xadimi vəfat edib

02.12.2017, 16:15
Azərbaycanın əməkdar elm xadimi vəfat edib

Fəlsəfə elmlər doktoru, professor, əməkdar elm xadimi Camal Mustafayev vəfat edib.

"Report" xəbər verir ki, o, 89 yaşında dünyasını dəyişib.

C.Mustafayev doğulduğu Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində dəfn olunacaq.

Xatırladaq ki, C.Mustafayev 1928-ci ildə Qarayazının (indiki Qardabani) Kosalı kəndində anadan olub. Orta təhsilini 1935-1944-cü illərdə Kosalı kənd orta məktəbində alıb. Sonra Tbilisi də ikiillik Müəllimlər İnstitutunda oxuyub. 1946-1948-ci illərdə Kosalı kəndində müəllim işləyib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub. 1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Qarayazı rayonunda məktəb direktoru işləyib.

1957-1968-ci illərdə C. Mustafayev AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində işləyib.

1968-ci ildə o, Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında "Nizaminin ideyalar aləmi və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alımlik dərəcəsinə layiq görülüb.

1968-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri işləyib. 1976-cı ildən 1999-cu ilədək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professoru olub. 1985-1991-ci illərdə universitetdə etika-estetika kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-cu ildən bugünədək Xəzər Universiteti Tərcümə Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Şərhlər

t.ədalət 2017-12-02 16:15:56

Camal müəllim başqalarından fərqli olaraq haralığını itirərək,bütöv Azərbaycanlı olmuşdu.Tələbələrini də fərqləndirməzdi.Gözəl alim,gözəl insan idi.Onunla dərs saatlarını keçirmək auditoriyaya bir işıq çiləyirdi.Belə ziyalılar radium elementinə bənzəyir.Biz onları həmişə tapa bilmirik.Tələbəlik illərində yaddaşımı zənginləşdirən və milli təəssübkeşliyi ilə fərqlənən Camal müəllim kimi ziyalılar elmimizin qızıl fondudur desək,yanılmarıq.Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol