Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 288 saylı tam orta məktəbdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib.
“AzPolitika"nın məlumatına görə, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimovun təşkilatçılığı ilə keçirilən tədbirdə, onunla yanaşı məktəbin direktoru Cahangir Süleymanov və Respublika Narkoloji Mərkəzinin həkimi Vəfa Əliyeva da çıxış edərək, narkomaniya bəlasının qarşısını ala biləcək profilaktik tədbirlərdə cəmiyyətin oynaya biləcəyi rol barədə danışıblar.
Tədbiri giriş sözü ilə açan polkovnik Əli İbrahimov çıxışında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni təmin edən siyasi və hüquqi iradə barədə danışıb. İdarə rəisi ölkəmizin beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən konvensiyalara qoşulmaqla, bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürdüyünü qeyd edib.
Daxili İşlər Nazirliyinin narkomaniya ilə mübarizə sahəsində apardığı işlərin miqyası barədə məlumat verən Ə.İbrahimov, Qaradağ rayonu ərazisində bu bəlanın qarşısının kəsilməsi və lokallaşdırılması istiqamətində rəhbəri olduğu idarədə görülən işlərdən də danışıb: İdarə rəisi deyib: "Bizim gənclər narkotikin verəcəyi ziyanlardan xəbərsizdirlər, bunun üçün də bu məsələyə çox sadə yanaşırlar. Yeniyetməyə “narkotikdən istifadə etmə” deyiləndə, bunun təsirlərini bilmədiyi üçün, hətta onda narkotikə qarşı maraq yaratmış oluruq. Amma yeniyetmələrə göstərilsə ki, bunun hansı zərərləri var, istifadə edən adam nə vəziyyətlərə düşə bilər, bu addımlar daha təsirli olacaq”.






Şərhlər