Vəkil təcridxanada jurnalistlə görüşüb: “Ayna-Zerkalo”nun əməkdaşının məhkəmə qərarları vəkillərinə verilmir

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov artıq 2 aydan çoxdur ki, həbsdədir. Haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilən jurnalistin məhkəməsinin başlamasına sayılı günlər qaldı. Hazırda MTN Təcridxanasında saxlanılan Rauf Mirqədirovun həbsi ilə bağlı verdiyi bütün şikayətlər Azərbaycan məhkəmələri tərəfindən rədd edilib.

Rauf Mirqədirovun istintaqı, təcridxanadakı durumu, iyulun 3-ü keçiriləcək atasının qırx mərasiminə buraxılıb-buraxılmayacağı ilə bağlı vəkili Elmar Süleymanovla söhbət etdik.

Vəkil iyulun 1-də Rauf Mirqədirovla görüşdüyünü və sağlamlıq durumunun yerində olduğunu bildirdi: “İyulun 1-də təcridxanada Rauf bəylə görüşdüm. Son proseslərlə bağlı söhbət etdik. Səhhəti normaldır. Həbsdə olan şəxsin səhhəti necə olmalıdırsa, elədir. İstintaqı ilə bağlı da danışdıq. Heç bir irəliləyiş, hər hansı bir hərəkət istintaqında yoxdur. Sanki hər şey dondurulub”.

Elmar Süleymanov Rauf Mirqədirovun atasının qırx mərasimində iştirak etmək üçün müvafiq orqanlara müraciət etdiklərini də qeyd etdi: “Rauf Mirqədirovun atasının iyulun 3-də qırx mərasimidir. Atasının mərasimində iştirak etmək üçün müvafiq orqanlara müraciət etmişik. Hələ ki icazə verilib-verilməyəcəyi ilə bağlı rəsmi cavab verilməyib. Amma ehtimal edirik ki, müsbət cavab veriləcək”.

Vəkil jurnalistin işi ilə bağlı hələ də Avropa Məhkəməsinə müraciət edə bilməmələrinin səbəblərindən də danışdı: “Avropa Məhkəməsinə hələ şikayətlər göndərməmişik. Bunun da səbəbi ondan ibarətdir ki, keçirilən Apellyasiya Məhkəmələri bizə qərarlarını vermirlər. Səbəbini onunla izah edirlər ki, işləri çox olduğuna görə, qərarları hazırlaya bilməyiblər. Biz rəsmi müraciət edərək qərarların verilməsini tezləşdirməyi məhkəmələrdən xahiş etmişik. Qanunla nəzərdə tutulmuş müddət artıq ötüb. Təəssüf ki, hələ də vaxtın ötməsinə rəğmən qərar bizə verilməyib”.

Elmar Süleymanov Rauf Mirqədirovun ailəsi ilə görüşünə, telefon danışığına yaradılan problemlərin hələ də qaldığını söylədi: “Rauf Mirqədirovun ailəsi ilə görüşünə, telefon danışığına yaradılan maneələr hələ də davam edir. Avropa Məhkəməsinə edəcəyimiz müraciətlərdən biri də bundan ibarətdir. Bildiyimiz kimi, Rauf bəyin Türkiyədə pozulan hüquqları ilə bağlı vəkil tutulmasına icazə verilmədi. Bununla bağlı da şikayətlərimiz var. Bütün şikayətlərimizi hazırlayıb, tezliklə Avropa Məhkəməsinə göndərəcəyik”.

Xatırladaq ki, Rauf Mirqədirov bu il aprelin 20-də həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunur. Bu maddə üzrə 10 ildən 15 ilədək, yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.