Menu

Avropa Məhkəməsi Azərbaycanı 250 min avro cərimələyib

02.07.2014, 16:59
Avropa Məhkəməsi Azərbaycanı 250 min avro cərimələyib

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi işlərin statistikasını açıqlayıb. Mərkəzin rəhbəri, vəkil Əsabəli Mustafayev “Media forum” saytına deyib ki, 2006-2014-cü illərdə Avropa Məhkəməsinə 225 iş üzrə şikayət göndəriblər: “Həmin şikayətlərdən 25-i təmin olunub və Azərbaycan dövləti 250 min avrodan artıq məbləğdə cərimələnib. 14 şikayət isə baxışa qəbul olunmayıb və geri qaytarılıb.

Çıxarılan qərarlarda Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin - yaşamaq hüququnun, 3-cü maddəsinin - işgəncə və qeyri-insani rəftarın qadağan edilməsinin, 5-ci maddəsinin - azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulması, 6-cı maddəsinin - ədalətli məhkəmə araşdırması hüququnun və 11-ci maddəsinin - sərbəst toplaşmaq və yığıncaqlar keçirmək hüququnun pozulması halları təsdiqlənib. Qərarlarda Avropa Konvensiyasının 7 saylı protokolunun 4-cü maddəsinin - eyni əmələ görə iki dəfə mühakimə edilməyin qadağa olunmasının, 1 saylı protokolun 1-ci maddəsinin - mülkiyyət hüququnun pozulması halları da əks olunub”.

Mərkəz rəhbəri bildirib ki, Avropa Məhkəməsinə göndərdikləri işlərdən 12-si üzrə kommunikasiya xeyli əvvəl bitib və tezliklə qərarlar açıqlanacaq.

Mustafayevin sözlərinə görə, hazırda 40 şikayət üzrə Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında intensiv kommunikasiya gedir: “Kommunikasiya mərhələsində olan işlərdən 25-i mitinqlərdə tutulanların, inzibati həbs cəzası alanların, polis və həbs yerlərində işgəncəyə, qeyri-insani rəftara məruz qalanların şikayətləridir. 9 iş isə “Azərenerji”Qapalı Səhmdar Cəmiyyətinin işə bərpa olunma ilə bağlı məhkəmə qərarını icra etməməsindən verilən şikayətlərdir. Digər şikayətlər mülkiyyət hüququnun pozulması və başqa hallarla bağlıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol