İqtisadçı-ekspert İlham Şaban AzPolitika.info-ya açıqlamasında son günlər dünya bazarında neftin qiymətinin ucuzlaşmasının səbəblərindən danışıb. İqtisadçı xatırladıb ki, İraqda İŞİD qruplaşması hərbi əməliyyata başlayanda (iyunun ilk ongünlüyündə) neftin qiyməti 108 dollardan 115-ə qədər yüksəlmişdisə, bu gün neftin 1 bareli 110,60 dollara enib:
“Bunun səbəbi nədir? İraqda hərbi əməliyyatlar başlayarkən bu əməliyyatlar artaraq, tezliklə cənuba doğru irəliləməsi təhlükəsi var idi. Burada isə neft yataqları var. Hazırda bu təhlükə real deyil, çünki həm İraq ordusu, həm də xaricdən İŞİD-ə qarşı kifayət qədər təpkilər oldu və onların bundan sonra özlərini İraq xilafəti elan etməsi belə, hər hansı bir ciddi təhlükə yaratmaq iqtidarında deyil. Liviyada hökumət qüvvələri hər iki ixrac limanında vəziyyəti nəzarət altına ala bildilər və artıq ixrac əməliyyatlarına başladılar. Ukraynanın qanuni seçilmiş hakimiyyəti getdikcə şərq bölgəsində öz gücünü separatçılara nümayiş etdirə bilir və ardınca Qərb də Kremlə diplomatik pressinqi artırır ki, bu da, Rusiyanın Avropa bazarlarında enerjidən bir silah kimi istifadəsinin qarşısını minimuma endirir. Nəticədə bazarlarda neftin qiymətində son 3 gündə kəskin aşağı düşmələr müşahidə edilir”.


Şərhlər