Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov dekabrın 21-də Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Mingəçevir, Ağdaş, Goranboy, Naftalan, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının vətəndaşlarını qəbul edib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, idarə və departamentlərin, həmçinin tabeli qurumların rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi, onların narazılığına səbəb olan halların aradan qaldırılması və qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması məqsədilə nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.






Şərhlər