Mirməhəmməd Seyidovun Naxçıvanda "Gülənçilərə" məxsus lisey və kurslar bağlandıqdan sonra həbsdən buraxılması təsadüfdürmü?
Dekabrın 17-də Türkiyəni silkələyən şok həbs dalğasında qardaş ölkənin ərazisində saxlanılan Sədərək Gömrüyünün rəisi Mirməhəmməd Seyidov bu gün səhər saatlarında azad edilib. Bu barədə Azinform.az məlumat yayıb. Həbsdən buraxılan gömrük rəisinin yaxın saatlarda Naxçıvana qayıdacağı gözlənilir.
Xatırladaq ki, Mirməhəmməd Seyidov Türkiyə polisinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Naxçıvanla sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsində irimiqyaslı əməliyyat keçirən zaman həbs olunmuşdu. Yüzlərlə polisin iştirak etdiyi əməliyyat zamanı 17 gömrük məmuru, o cümlədən Sədərək gömrük xidmətinin rəisi Mirməhəmməd Seyidov da saxlanaraq həbsə salınmışdı.
Mirməhəmməd Seyidovun türkiyəli yükdaşıyan sürücülərin ifadəsi əsasında saxlandığı və ona qarşı korrupsiya ittihamı irəli sürüldüyü bildirilirdi. Türkiyə mənbələrinin iddiasına görə, Emniyyət Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin əməliyyatçıları 1 ilə yaxındır Mirməhəmməd Seyidov da daxil olmaqla Naxçıvanla sərhəddəki gömrük məntəqəsində işləyənləri izləyirmiş. Həbs olunanların telefon danışıqları dinlənilib və hərəkətləri izlənilib. Seydovun həmin vaxt İstanbula hansı məqsədlə getdiyi haqda məlumat verilmirdi. Ancaq gömrük rəisinin Türkiyəyə hansısa iş üçün dəvət edilməsi onun həbsi üçün qurulmuş əməliyyatın bir hissəsi olduğu da istisna edilmirdi.
Dövlət Gömrük Komitəsinin (DGK) Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılması ilə bağlı yaydığı məlumatda isə onun məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə getdiyi bildirilirdi: “2013-cü il dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb. O, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib”.
Məlumatda həmçinin bildirilirdi ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tezliklə həlli istiqamətində lazımi tədbirlər görülür. Ancaq məsələ deyildiyi kimi, tez həll olunmadı. M.Seyidov 6 aydan çox Türkiyədə həbsdə qaldı. İndiki məqamda onun buraxılması isə xeyli maraqlı görünür. Belə ki, Türkiyədə 17 dekabr əməliyyatını Fətulla Gülənə yaxın polis və prokurorluq işçilərinin həyata keçirdiyi məlumdur. Ərdoğanı istefaya məcbur etmək məqsədilə keçirilən bu əməliyyatda 3-ü nazir oğlu olmaqla, bir çox tanınmış iş adamları, vəzifəli şəxslər saxlanılmışdı. Onların demək olar ki, hamısı xeyli əvvəl buraxılsa da, M.Seyidov həbsdə qalmışdı.
Buna görə də, Ədoğanın Bakı səfərindən sonra onun buraxılacağı gözlənilirdi. Xüsusilə, Ərdoğanın Bakı səfərindən sonra hakimiyyətdəki "Gülənçilərin" bir-bir vurulması rəsmi Bakı ilə Ankara arasında müəyyən razılığın olduğuna şübhə yeri qoymurdu. Əsas gömrük postlarından birinin rəisi kimi çox şeyi bilən M.Seyidov da bu razılaşmadan kənarda qala bilməzdi. Ancaq nədənsə onun azadlığa buraxılması ləngiyirdi.
Belə çıxır ki, Ankara Bakının "Gülənçilərə" məxsus lisey və kursları bağlamasnı gözləyirmiş. Məlum olduğu kimi, bu yaxınlarda Bakıda və rayonlarda, dünən isə Naxçıvanda "Gülənçilərə" məxsus lisey və kurslar bağlandı. Məhz dünən Naxçıvanda "Gülənçilərə" məxsus lisey və kurslar bağlandıqdan sonra bu gün səhər M.Seyidovun həbsdən buraxılması xəbərinin yayılması təsadüfə oxşamır. Görünür razılaşma geniş miqyaslı olub...
MURAD MƏMMƏDOV, AzPolitika.info


Şərhlər