“Avrasiya İttifaqı orada birləşmiş dövlətlərin müstəqillik və suverenliyinə bir təhdiddir”.
Bu barədə Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov vurğulayıb. O, Avrasiya İttifaqının daxilində hələ yaranmazdan əvvəl qarşıdurmanın başladığını deyib:
“Avrasiya İttifaqının bu kimi məqsədinin arxasında qaranlıq məqamlar var. Avrasiya İttifaqı ilə Rusiya keçmiş postsovet dövlətlərini birləşdirərək, yenidən böyük Sovet imperiyasını yaratmaq niyyətindədir. NATO və Avropa Birliyi isə inkişafa meylli olan dövlətlərə yardım etmək məqsədi ilə onları birləşməyə dəvət edir. Avrasiya İttifaqı orada birləşmiş dövlətlərin müstəqillik və suverenliyinə bir təhdiddir. Avropa Birliyi isə üzv dövlətlərin müstəqillik və suverenliyinin qorunması naminə fəaliyyət göstərir. Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü müqabilində işğal altında olan torpaqların geri qaytarılması kimi təkliflər, sadəcə, siyasi şou xarakteri daşıyır. Azərbaycan Avrasiya İttifaqına üzv olma yolu seçərsə, müstəqilliyini və suverenliyini təhlükə altına düşər. Azərbaycan bu gün Avropa Birliyinə və Avroatlantik məkana inteqrasiya siyasi kursuna üstünlük veriri və fikrimcə, elə bu siyasətini də davam etdirəcək”.
F.Məmmədov Azərbaycanın Avropa Birliyi və NATO-ya üzvlük istiqamətində inteqrasiya proseslərində ləngidiyini də dilə gətirib:
“Hesab edirəm ki, bu prosesin sürətləndirilməsinə ehtiyac var. Bunu eyni zamanda, bu ilin əvvəlində vüsət alan Ukrayna hadisələri də sübut etdi. NATO Əməkdaşlıq İnstitutu bunları nəzərə alaraq, Avroməkana və NATO-ya üzvlük istiqamətində ən qısa inteqrasiya marşrutunu müəyyən etməkdədir. Tezliklə bu marşrutun təklifi irəli sürüləcəkdir. Azərbaycana inkişaf, stabillik, sabitlik və demokratiya yolunu davam etdirməyi təklif edirik. Bu yol, əlbəttə ki, NATO və Avropa Birliyinə doğrudur”.

Şərhlər