“Əsl ziyalının sərvəti onun şəxsiyyətidir, millətinin özünüdərkidir”
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Əməkdar Elm Xadimi, “Şöhrət” ordeni mükafatı ilə təltif edilmiş professor Tofiq Quliyev “İqtisadiyyat” fakültəsinin elmi seminarında «İqtisad elmi və iqtisadiyyat» adlı məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, professor Tofiq Quliyev dünya elm ictimaiyyəti tərəfindən yaxşı tanınan azsaylı alimlərimizdən biridir. Dünyada əmək sahəsində ən güclü mütəxəssislərdən biri hesab olunan pofessor T.Ə. Quliyevin Bakıda və Moskvada elm ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilən çoxlu sayda kitabları nəşr olunub. O, bir sıra dərslik, monoqrafiya və kitabçanın, 450-yə qədər qəzet və jurnal məqaləsinin müəllifidir.
T.Ə. Quliyevin Moskvanın ən nüfuzlu nəşriyyatlarında dərc edilən kitabları və monoqrafiyaları dünyanın məşhur kitabxanalarının rəflərini bəzəməkdədir. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən nüfuzlu Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Bu kitabların bəziləri dünyanın müxtəlif ölkələrinin dillərinə tərcümə edilmişdir.
“AzPolitika.info” uzun illərdir Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” kafedrasına rəhbərlik edən, bu sahədə böyük bir məktəb yaradan, onlarla şəxsin alim kimi yetişməsinə bilavasitə rəhbərlik edən professor Tofiq Quliyevin «İqtisad elmi və iqtisadiyyat» adlı məruzəsindəki maraqlı fikirləri tezis şəklində oxucularına təqdim edir:
“Real iqtisadi fikirlər, düşüncələr subyektləşir, məhdud çərçivəyə salınır”

İqtisadiyyatdakı neqativ meyllər, iqtisad elmində nəzəri nihilizm meyllərini formalaşdırır. İqtisad elmi vaxtı çatmış bir çox suallara cavab verə bilmir, bir çox iqtisadi hadisələrin düzgün izahını verə bilmir. Bu və digər cəhətlər, məqamlar adamlarda iqtisad elminin zəifliyi fikrini yaradır. Belə bir şəraitdə qrup mənafelər sistemi, iqtisad elminə etinasızlıq meylləri güclənir.
İqtisadi sistemlər kompleks, sistemli halda tədqiq edilmir və yaxud tədqiq olunma mənasını itirmiş olur, düzgün iqtisadi məntiq öz yerini, mövqeyini qeyri-iqtisadi məntiqə vermiş olur. Bu halda bazar iqtisadi sisteminin kateqoriyalarından, prinsiplərindən optimal istifadə olunması paradoksallıq yaradır, səhvlərin kumulyativliyini (yığımını) əmələ gətirir.
Real iqtisadi fikirlər, düşüncələr subyektləşir, məhdud çərçivəyə salınır, reallıqları adekvat səviyyədə əks etdirə bilmir, bəzən də radikallaşır. Halbuki müasir dövrün dərin elmi həqiqətləri əks etdirə bilən iqtisadi fikirlərə, yanaşmalara böyük tələbatı, ehtiyacı vardır.
2.İqtisad elmi iqtisadi sistemləri və iqtisadi əlaqə və münasibətləri mikro və makro və qlobal səviyyələrdə, sahələr üzrə öyrənən elmdir. İqtisad elminin sistem əmələ gətirən əlamətləri, kompanentləri və alt sistemləri vardır. Bir çox müəlliflər iqtisad elmləri sisteminin təsnifatına bu sahənin elmi və ya ali təhsil nomenklaturası (mühasibat, maliyyə, əməyin iqtisadiyyatı və s.) və sahə iqtisadiyyatı (sənayenin iqtisadiyyatı, nəqliyyatın iqtisadiyyatı və s.) baxımından yanaşır. Bəziləri sonuncu təsniyatı «konkret» iqtisadiyyat adlandırır. Bu fikirlə razılaşmaq olmaz.
3. İqtisadiyyat və iqtisadi qanunlar: iqtisadi qanunlar və iqtisadiyyat haqqında qanunlar, qanunların mənafelərlə əlaqəsi. Onların əlaqələndirilməsi və sosial-iqtisadi effektliyi. Qanunlarla qərar, idarəetmə və strategiya arasında sistem, funksional və əks (qayıdış) əlaqəsi.
4. İqtisadi nəzəriyyələr, paradiqmalar və onların real iqtisadiyyatla əlaqəsinin təmin edilməsi bir sıra istiqamətlərdə araşdırma tələb edir: 1) iqtisadi hadisə və situasiyaların dərk edilməsi; 2) iqtisadi-sosial informasiyaların səhihliyi, şəffaflığı; 3) iqtisadiyyatda ümumi və konkret meyllərin, qanunauyğunluqların, ziddiyyətlərin, paradoksların aşkar edilməsi, müəyyənləşməsi; 4) konkret problemlərin, vəzifələrin irəli sürülməsi; 5) Cari və strateji vaxt kəsiyi üçün strategiyanın müəyyənləşməsi; 6) Lazım gəldikdə bu və ya digər məsələlər üzrə elmi-praktiki diskussiyaların, dialoqların aparılması.
“İqtisad elminin imkanlarını zənginləşdirmək və genişləndirmək lazımdır”

6. Qərb dövlətlərinin, beynəlxalq iqtisadi qurumların nobelçilərə və digər alimlərə məqsədli sosial sifarişləri. İqtisadi, sosial hadisə və proseslərin qeyri- elmi interpretatsiyası, səlis, koqnitiv (rasional) dəyərlərin olmaması. Tarixi, mövcud və gələcək situasiyaların, şəraitin səhvən əlaqələndirilməməsi və ya nəzərə alınmaması.
7. İqtisadiyyatın elmi və ideoloji əsasları, idarə olunmaqlıq və idarə olunmamaqlıq. Qeyri-səlis çoxluqlar, sistemlər, modellər və ya nizamsızlıqlar, turba-lentlər, paradokslar. Qeyri- səlislik (qeyri-dəqiqlik) qeyri müəyyənliyin təzahür forması kimi.
8. İqtisadiyyatın normal, optimal inkişafına mane olan səbəblərdən biri də bəzi ayrı-ayrı nəzəriyyələrin, paradiqma və mühakimələrin özünün əsaslandırılmamasıdır. Buna aid çoxlu misallar gətirmək olar. İqtisad elminin «meystrimi» (əsas istiqamətləri) rasional, vəhdət halda bir-birinə uzlaşmır, «meystrim» nüma¬yəndələrinin fikirləri bəzən bir-birinin inkar edir. Məsələn, vaxtilə «idxal, ixrac bazar modeli» tərəfdarları olan bir çox iqtisadçılar müxtəlif «izmlər», «neolar» əsasında öz fikirlərini «təkmilləşdirirlər».
Vaxtilə iqtisadi liberallazmin ideoloji barometri hesab edilən Dj.Saks 2009-cu ildəki qlobal iqtisadi böhrandan sonra bunu «liberal ekstremizm» adlandırmışdır. Bir çox Nobel mükafatçıları, o cümlədən Dj.Stiqlis, M.Spensa, P.Solou və digərləri mövcud olan baza iqtisadi müddəalara, «Ekonomiks» fənninin tədrisinə yenidən baxmağı zəruri hesab etmişlər. Hansı institutların, qurumların iqtisadi inkişafa pozitiv təsiri, institusional struktur- ekzogen və edogen institutların, onların malik olduğu resursların iqtisadi fəaliyyət formalarına təsiri, institutların dəyanətliliyi dəqiq müəyyənləşməmişdir. Bir sözlə, necə deyərlər, iqtisadi müddəaların, paradiqmaların yenidən “inventarizasiyasının” vaxtı çatmışdır. İqtisad elminin imkanlarını zənginləşdirmək və genişləndirmək lazımdır.
İqtisadi institusializm, yoxsa institusional iqtisadiyyat? Müxtəlif institutların ümumi iqtisadiyyata təsiri necədir? İnstitusionalizm vahid metodologiyası olmayan bir “elmi” məktəbdir, problemdir. Burada iqtisadi problemlər eklektik halda nəzərdən keçirilir. Burada «İnstitut» sözü, kateqoriyası iqtisadi məzmunsuz daşıyır, iqtisadi fəaliyyətlə az əlaqələndirilir, qeyri maddi amillərə üstünlük verilir. Bu mənada «institualizmi» iqtisadiyyat adlandırmaq olarmı? T.Veblen «Parazit sinif nəzəriyyəsi» kitabında «iqtisadi institutlar» sözü işlədir. Lakin bu o demək deyildir ki, «institutlar» iqtisadiyyatdır. İnstitut iqtisadiyyata təsir edən xarici amildir, təsirdir. İnstitutsionalizm təkmil iqtisadi məktəb deyildir. Neoinstisualizm əslində «meynstrim» prinsipə əsaslanır, bu, liberalizm və fərdiyəçilik mövqeində duran konsepsiyadır.
Digər məsələləri nəzərdən keçirək:
9. Müasir qlobal dünyada iqtisad elminin böhranını, yoxsa iqtisadiyyatın, yoxsa iqtisadi nəzəriyyənin böhranı mövcuddur?
10. «İqtisadi bilik, yoxsa iqtisadi nəzəriyyə».
11. İqtisadi sistemin, iqtisadi fikrin, iqtisadi münasibətlər və iqtisadi davranışın deformasiya olunma səviyyəsi, dərəcəsi.
12. İqtisadi riskin, qeyri-müəyyənliyin bazar iqtisadi modelinin atributu olması səbəbləri.
13. İqtisadi proseslərdə kənarlaşmaların, bəzən radikal dəyişikliyin dəqiq iqtisadi proqnozlar, iqtisadi strategiya verməyə mane olması.
14. Cəmiyyətin sosial-iqtisadi strukturu: əmlak, iqtisadi fərqlər, sosial qrupların iqtisadi vəziyyəti.
15. Bu fərqləri, proqnozları, digər iqtisadi prosesləri və sairəni müxtəlif qrafiklərlə, əmsallarla və digər riyazi-statistik vasitələrlə öyrənmək olur. Lakin bu o demək deyildir ki, bu riyazi-statistik aparatlar iqtisadiyyatın özüdür.
16. Klassik və qeyri- klassik nəzəriyyələrin, konsepsiyaların radikal qaydada bir-birinə qarşı-qarşıya qoyulması, burada orta məxrəcin tapılmaması.
17. İqtisad elminin, iqtisadi paradiqmaların beynəlxalq, bəzən də milli şirkətlərin, biznes qurumların mütləq marağına istiqamətləndirilməsi.
18. İqtisad elminin lüzumsuz yerə riyaziyyatlaşması və onun sosial funksiyasının, sosial münasibətlərin arxa plana keçməsi. Bu baxımdan müasir dövrdə bəzi iqtisadçıların «qlobal etika», «etik iqtisadiyyat» ifadələri işlətməkləri təsadüfü deyildir.
19. İnhisarçılıq, bəzi elit təbəqəli iqtisadi qurumların «standart» iqtisadi mühakimələri iqtisad elminin obyektiv, determinasiya olunmuş müddəalarına kölgə sala bilməsi, iqtisadi fikirləri səthi, təsviri, sensunasiyalı (substansiyalı mahiyyətdən kənar) bir hala salınması.
20. İstehsal və bazar şəraitinin, mühitinin fərqliliyi, müxtəlifliyi və onun rəqabət həddinə, qiymət rəqabətinə fərqli təsiri.
Sosial-fəlsəfi düşüncələr : Boşboğazlıq, vaxtı itirmək, öldürmək, özünü, elmi öldürməkdir

2. Demokratik təbiətə, statusa malik olan ölkədə xeyirxahlıq, həssaslıq müstəsnalıq təşkil etməməlidir.
3. İqtisadi yalan, aldatma, spekulyativlik bazar modelinin ən çox yayılmış və alçaldıcı formasıdır, deyildiyi kimi yumurtadan yun qırxmaq vasitəsidir.
4. Kfazioptimizmi-arsızlığın, ləyaqətsizliyin yüksək formasıdır.
5. Müasir dövrdə pis, zərərli iqtisadi vərdişlərdən uzaqlaşmanın özü dərin düşüncə, özünü sosial dərketmə əlamətidir, indiki dövrdə əsl mənəvi qəhrəmanlıqdır.
6. Yüksək gəlir əldə etmək məqsədilə müasir dövrdə hər cür alçaqlığa əl atılır. Hətta, bunu ailə ideologiyasına daxil etməyə cəhd edənlər də tapılır. İndi “robotla evlənmə” ideyasını irəli sürən kfazimodernistlər, daş ürəkli adamlar da tapılır. Beləliklə, robot texnika həm məşğulluq, həm də ailə daxili problemlərlə əlaqələndirilir. Belə getsə gələcəkdə bəşəriyyəti daha eybəcər, alçaldıcı hadisələr, epizodlar gözləyə bilər.
7. İqtisad elmi problemlərlə yaşayır, problemlərsiz iqtisadiyyat yoxdur.
8. Özündə olmayanı başqasından tələb etmə.
9. İqtisad elmi davamlı kamilləşməni sevir.
10. Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı zəhərləyə bilir.
11. Əsl ziyalının sərvəti onun şəxsiyyətidir, millətinin özünüdərkidir.
12. Boşboğazlıq, vaxtı itirmək, öldürmək, özünü, elmi öldürməkdir.
Qeyd edək ki, əməkdar elm xadimi, professor T.Ə. Quliyevin bu və digər maraqlı fikirlər ətrafında geniş məruzəsini dinləmək istəyənlər dekabrın 28-də “İqtisadiyyat” fakültəsində keçiriləcək elmi seminarda iştirak edə bilərlər.
AzPolitika.info

Şərhlər
İqtisadiyyat əslində cəmiyyətlə birgə yaşam fəaliyyətinin sosial tələbatının ödənilməsinə yönəlmiş hesabdır. Cəmiyyətin təbii təkamülünü də mükəmməl düşünülmüş dəqiq iqtisadiyyat təmin edə bilər. Professor T.Quliyevə və AzPolitikaya bütün aləm və cəmiyyətimiz üçün ən zəruri elmi-iqtisadi bilgi və amillərə görə təşəkkür edirəm.
İQTİSADİ BİLİKLƏR ORTA MƏKTƏBLƏRDƏN BAŞLANMALIDIR.