Bakının Nəsimi rayonunda yerləşən “Niaqara” restoranında sağlamlığa zərərli ərzaq məhsulları və salatlar aşkarlanıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Axar.az-a verilən xəbərə görə, restoranda standartların tələblərinin pozulduğu aşkar edilib.
Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin “Niaqara” restoranında apardığı araşdırmalar nəticəsində restoranda mənşəyi məlum olmayan, təhlükəsizliyə müvafiq qaydada konservləşdirilməmiş xiyar, göyəm, alma, alça, badımcan, gavalı turşusu aşkarlanıb. Restoranda hazırlanan “paytaxt” salatından nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) laboratoriyasına təqdim edilib. Aparılan müayinələr nəticəsində salatın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib. Bundan başqa, müəssisədə yeməklərin heç bir texnoloji təlimat və resept olmadan hazırlandığı, soyuducularda ərzaqların saxlanılması zamanı mal qonşuluğu qaydalarına əməl olunmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi aşkar olunub.
Araşdırmalar zamanı, həmçinin, yeməklərin hazırlanması zamanı istifadə olunan ətin baytarlıq şəhadətnaməsi, digər ərzaq məhsullarının uyğunluq və gigiyenik sertifikatları, hazırlanan yeməklərin sınaqlarının nəticələrini təsdiq edən sınaq protokolları, müəssisədə çalışan işçilərin tibbi kartları, peşə təhsillərini təsdiq edən hər hansı sənəd yoxlamaya təqdim edilməyib.
Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərinə inzibati protokol əsasında cərimə tətbiq edilib, normativ sənədlərin tələblərinə cavab verməyən məhsulların hazırlanması və satışı qadağan edilib.
Xatırladaq ki, mətbuatda "Niaqara" restoranının Müdafiə Sənayesi naziri Yavər Camalova məxsus olması haqda məlumat yayılıb və bu, təkzib edilməyib.


Şərhlər