Menu

Tramp «lətifələr aləmində» - Arvadını ağladan «dahi» haqqında «novella»

08.01.2018, 17:50
Tramp «lətifələr aləmində» - Arvadını ağladan «dahi» haqqında «novella»

Barəsində iri və rüsvayedici bir kitab yazılandan sonra, Birləşmiş Ştatların Prezidenti Donald Tramp sanki tənqid və təhqirlərdən ruhlanıbmış kimi, heç kimin gözləmədiyi halda, durub dünyaya səsləndi: «Mən dahiyəm!» Bu «bəyanat»ı eşidərkən, SSRİ dövlətinin lideri Leonid Brejnev barədəki bir lətifəni xatırlamalı oldum...

Yuxarıda xatırlatdığım kitabda isə xeyli düşündürücü bir epizod yer alıb. Epizodda deyilir ki, prezident seçkilərində qadib gəldiyi elan edilən zaman, Trampın arvadı Melaniyə xanım ağlamağa başlayıb. Maraqlıdır, artıq «birinci ledi»yə çevrilmiş qadın kimin halına ağlayıb - özünün, yoxsa Amerika xalqının? Bunu Melaniyə xanımdan savayı heç kim deyə bilməz. Bununla belə, prezident arvadının həmin tarixi anda ağlaması mənə məşhur bir lətifəni xatırlatdı...

İndi isə necə deyərlər, arxadan əvvələ... 1980-ci illərin lətifəsidir - Novosibirsk vilayət komitəsinə xəbər gəlir ki, bəs, Leonid İliç Brejnev Novosibirskə gələcək və burada xüsusilə, psixiotrik xəstəxanalarda xəstələrin vəziyyəti və müalicəsi ilə şəxsən maraqlanacaq. O saat hazırlığa başlanılır - xəstələrə ağ köynək, qara kostyum və «kəpənək» qalstuk geyindirib, öyrədirlər ki, Brejnev içəri girərkən, onun salamını necə almaq, suallarına necə cavab vermək lazımdır və s.

Vaxt yetşir, Brejnev şəhər mərkəzi psixiotrik xəstəxanasına gəlir, içəri girən kimi, xəstələri salamlayır: «Salam, yoldaşlar!».

Xəstələr bir ağızdan «Salam, əziz Leonid İliç!» - deyə, onun salamını alırlar.

Brejnev xeyi razı halda soruşur: «Yoldaşlar, mən kiməm?».

Sıradan biri cavab verir: «Siz, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibisiniz».

Əhsən, daha kiməm? O biri xəstə «Siz, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrisiniz».

Leonid İliç gülümsəyir və soruşur: «Çox yaxşı, yoldaşlar mən daha kiməm?».

Hamı susur. «Daha kiməm, yoldaşlar?». Yenə sükut. Belədə, Brejnev dillənir: «Əziz yoldaşlar, mən həm də sovet ittifaqı marşalıyam!».

Bu zaman, xəstələrdən biri sıradan çıxıb, Brejnevə yaxınlaşır - əlini onun kürəyinə söykəyib, deyir: «Fikir eləməyin, əziz Leoqid İliç, müalicə edərlər. Məsələn, mən bura düşəndə Napoleon Bonapart idim - sağaltdılar...».

O biri lətifə isə belədir - Müharibə illərində sovet-alman cəbhəsində döyüşən hissələrin birində iki azərbaycanlı olur. Günlərin birində, poçtalyon gəlib bu hissənin əsgərlərinə məktub paylayır. Azərbaycanlılardan birinə də məktub gəlir. Obiri azərbaycanlı kənara çəkilir ki, soydaşı məktubu arxayın oxuya bilsin. Bir də görür ki, məktubu oxuyub qurtaran kimi, uzaq dağ kəndindən olan azərbaycanlı əsgər ağlamağa başlayır. Fikirləşir ki, yəqin zavallının doğmalarından biri rəhmətlik olub. Yaxınlaşıb, dil-ağız eləyir - onu sakitləşdirməyə çalışır. Sonra soruşur ki, ölən kimdir? «Əşi, ölən-itən yoxdur - dədəmi kolxoz sədri qoyublar...».

«Daha nə üçün ağlayırsan, buna ki, sevinmək lazımdır» - deyə, obiri azərbaycanlı gülməyə başlayır. Ağlayan əsgər göz yaşlarını silə-silə, cavab verir: «Qardaş, sən mənim dədəmi görməmisən ey, görsəydin belə deməzdin. Gör, kəndimiz nə günə qalıb ki, kolxoz sədri qoymağa adam tapmayıblar - mənim dədəmi qoyublar...».

Bel-belə işlər... Göydən 3 alma düşdü - üçü də Trampın, yoxsa dava salar...

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol