Menu

“Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür” - XİN-dən ABŞ-ın qərarına reaksiya

11.01.2018, 13:30
“Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür” - XİN-dən ABŞ-ın qərarına reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib.

"AzPolitika"nın xəbərinə görə,  XİN-dən verilən məlumatda bildirilir ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir:

"Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür".

Məlumatda qeyd olunur ki, Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır:

"Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır”.

Şərhlər

Mühəndis 2018-01-11 13:30:39

Burda təəccüblü nə var ki,Azərbaycan 28 ildir müharibə vəziyyətində yaşayır.Qərb sərhədlərimiz hər an müharibə meydanıdır.Hər gün silahlı münaqişə qaçılmazdır.Deməli ölkəmizdəki sabitlik nisbidir. Elə ona görə bizi terror riski olan ölkələrin siyahısına salıblar.Deməli bizə deyirlər ki, gedin öz Dövlət sərhəddinizi tam bərpa edin.Ondan sonra sizə inanaq.Biz isə sərhədlərimizi pozan düşmənlə,onu silah-sursat, hər bir şeylə təmin edən himayədarla(şimal qonşumuz)əl verib görüşürük.Dövlətdə qəti hərəkət yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol