Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin Kiyev ətrafında yerləşən Mejiqorye iqamətgahında nadir növdən olan 61 ördək ölü tapılıb.
Virtualaz.org saytı Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, malikanənin işçiləri ördəklərin qəsdən zəhərlənərək öldürüldüklərini deyib.
Ördəklərin cəsədlərini yığışdırmaq üçün işçilər hovuzun suyunu boşaltmalı olublar. Veterinar həkimlər ölü ördəkləri müayinə edərək onların zəhərlənmə nəticəsində öldüklərini müəyyən edib.
Son məlumatlara görə, Yanukoviçin hazırda Maydan hərəkatı fəallarının nəzarətində olan malikanəsində müxtəlif cinslərdən olan 210 ördək var idi. Ərazisi 140 hektar olan malikanədə unikal tikililər, ovçuluq yerləri, liman, atçılıq klubu, tennis kortları, tir və zoopark olub. Malikanənin ətrafı hündür hasarla əhatələnib.
Kiyevdə hakimiyyət dəyişikliyindən və Yanukoviçin qaçmasından sonra Mejiqorye iqamətgahına giriş sərbəst olub. Hər gün ora minlərlə adam baş çəkib. Bu baxımdan ördəkləri kimin zəhərlədiyini müəyyən etmək mümkün olmayıb.


Şərhlər