Abdul Nağıyev: “Ermənistanın müstəqilliyi, suverenliyi və iqtisadi inkişafı ölü nöqtəsindən yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra irəliləyə bilər”
“Azərbaycanın Avrasiya İttifaqına qoşulması müqabilində üç rayonun verilməsi kimi fikirlər, hesab edirəm ki, Azərbaycanı qıcıqlandırmağa çalışanlar tərəfindən bilərəkdən yayılan şayiədir”.
Bunu AzPolitika.info-ya açıqlamasında Rusiyada Konstruktiv Siyasət Mərkəzinin rəhbəri, politoloq Abdul Nağıyev bu günlərdə Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan istənilən siyasi və iqtisadi birliyə üzv olmaq iqtidarındadır:
“Eyni zamanda, Azərbaycanın istənilən birliyə üzv olması onun siyasi seçimidir. Azərbaycanın real imkanlarını nəzərə alsaq, onun hər hansısa bir birliyə üzv olmasını işğal olunmuş torpaqlar prizmasından qiymətləndirilməsi heç də məqsədə uyğun deyil. Dağlıq Qarabağ münaqişəsinə dünya birliyinin yanaşması artıq bəllidir və bu heç də Ermənistanın xeyrinə deyil. Münaqişənin uzun müddət davam etməsi nəticəsində Ermənistan artıq məğlub olub. Ona görə də, hesab edirəm ki, Ermənistanın müstəqilliyi, suverenliyi və iqtisadi inkişafı ölü nöqtədən yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra irəliləyə bilər”.
Ülkər Musazadə


Şərhlər