"Baş Prokurorluqda aparılmış araşdırmalarla “Xural.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarının tələbləri pozulmaqla vəzifəli şəxslər və təmsil etdikləri dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib".
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında belə deyilir. Məlumatda bildirilir ki, qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Əvəz Zeynallı Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Əvəz Zeynallı isə ona edilən xəbərdarlıqla razı deyil: “Mən Baş Prokurorluğun xəbərdarlığı ilə qəti razı deyiləm. Keçən dəfə də çağrıldığımda onların dedikləri ilə razı olmamışdım və heç bir xəbərdarlığa imza atmamışdım, bu dəfə də. Onlar da protokollaşdırdılar və imzalamadığımı qeyd etdilər”.
***
“Xural” qəzetinin baş redaktoru və “Qaynar Qazan” verilişinin aparıcısı Əvəz Zeynallı Baş Prokurorluğa dəvət olunub. Bu haqda facebook statusunda Əvəz Zeynallının özü məlumat verib.
Baş redaktor yazıb: “Baş Prokurorluqdan Eldar Sultanov zəng edib məni saat 17.30-da Baş Prokurorluğa dəvət etdi. Mehman Əliyevlə “Qaynar Qazan”da götürdüyüm müsahibənin yayınlanan I hissəsinə görə. Görək indi nə istəyirlər…”


Şərhlər