Menu

Prezidentdən diplomatlara Qarabağ və İrəvan xanlığı haqda tapşırıq

07.07.2014, 18:08
Prezidentdən diplomatlara Qarabağ və İrəvan xanlığı haqda tapşırıq

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxış edən prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini deyib.

Xarici siyasətlə bağlı əsas məsələnin Ermənistan-Azərbaycan münaqişəsinin həlli olduğunu bildirən İlham Əliyev təəssüflə qeyd edib ki, bu istiqamətdə nəticələr yoxdur.

Dövlət başçısı Azərbaycanın məsələni dinc yolla həll etmək istəyini bildirib və qeyd edib ki, bununla yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyi, eləcə də beynəlxalq hüququn işləməməsi və güc amilinin əsas rol oynaması məsələnin hərbi yolla həllini istisna etmir. Azərbaycan prezidenti bu səbəbdən də ordu quruculuğu ilə bağlı aparılan ardıcıl siyasətin düzgün olduğunu vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, diplomatların fəaliyyəti ilk növbədə Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir. İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması qətiyyən mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcək.

Xarici siyasətlə bağlı əsas istiqamətlərdən danışarkən prezident İlham Əliyev Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərin sağlam, bərabərhüquqlu münasibətlər və möhkəm zəmin üzərində qurulduğunu, həmin ölkələrlə əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda təmin edildiyini deyib. Daim axtarışda olub yeni əməkdaşlıq formaları barədə fikirləşməyin vacibliyini qeyd edən İlham Əliyev müsəlman ölkələri ilə əlaqələrdən danışıb və qeyd edib ki, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verir.

Avropa ölkələrinin Azərbaycanın ənənəvi tərəfdaşları olduğunu diqqətə çatdıran prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanların olduğunu söyləyib, Asiya dövlətləri ilə də əməkdaşlığın son illərdə sürətlə inkişaf etdiyini bildirib.

Dövlət başçısı beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da danışıb, diaspor təşkilatları ilə səfirliklərin birgə fəaliyyətinin önəmini qeyd edib.

Prezident İlham Əliyev həmçinin enerji diplomatiyasındakı uğurlara diqqəti cəlb edib, bu imkanların Azərbaycanın xarici siyasətinə müsbət təsir göstərdiyini deyib. Bildirib ki, Azərbaycanın bütün istiqamətlərdə düşünülmüş konseptual yanaşmaya söykənən siyasəti var və ölkənin uğurları buna əsaslanır.

Hazırda Azərbaycanın xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir.

Azərbaycanda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol