Milli Televiziya və Radio Şurasının (MTRŞ) yanvarın 30-da keçirilən iclasında AzTV və Mədəniyyət kanallarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında yayıma keçməsi ilə əlaqədar olaraq, yerüstü TV yayımı üçün bu ərazidə əlavə olaraq 31-ci TV kanalının istifadə olunması və TV proqramlarının yeni paketlərinin yaradılması qərara alınıb.
Bu barədə APA-ya MTRŞ-nin Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov məlumat verib.
Onun sözlərinə görə, qərara əsasən, TV vericilərinin fevralın 5-də keçiriləcək profilaktikasından sonra 37-ci TV kanalında AzTV, Mədəniyyət TV, İdman Azərbaycan və İctimai TV proqramları yayımlanacaq: “48-ci TV yayım kanalında bütün ümumölkə TV proqramlarının SD formatında, 31-ci TV yayım kanalında isə CBC sport, Xəzər TV və bir neçə aydan sonra fəaliyyətə başlayacaq yeni xəbər televiziyasının HD formatında yayımı həyata keçiriləcək. Tamaşaçılardan həmin gün profilaktika işlərindən sonra TV qəbuledicilərini yenidən kökləməyi xahiş edirik”.



Şərhlər