Menu

MİLLİMİZ 1/4 FİNALDA!

03.02.2018, 00:09
MİLLİMİZ 1/4 FİNALDA!

Futzal üzrə milli komandamız bu gün AVRO-2018-in final mərhələsində ilk qrup matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Sloveniyada təşkil olunan qitə birinciliyində yığmamız Fransaya qarşı debüt edib.

Ardıcıl beşinci dəfə nüfuzlu turnirin final mərhələsinə qatılan komandamız qalib gələcəyi təqdirdə, növbəti mərhələyə vəsiqəni təmin edəcəkdi. Çünki qrupun ilk görüşündə fransızlar İspaniya ilə bolqollu heç-heçəyə (4:4) imza atmışdılar.

Görüşə aramsız hücumlarla başlayan Joze Alesio da Silvanın yetirmələri erkən qolla yadda qalıblar. Buna baxmayaraq, fransızlar çox keçmədən "status-kvo"nu bərpa ediblər. İlk hissə 1:1 hesabı ilə nəticələnib.

İkinci hissə başlar-başlamaz fransızlar 2-ci dəfə komandamızı mərkəzə dəvət ediblər. Lakin erkən toparlanan millimiz 2 dəqiqə ərzində nəinki bərabərlik qolunu vurub, hətta önə də keçib. Hər iki topun müəllifi olan Bolinya het-trikini rəsmiləşdirib. Digər "braziliyalılarımız" Everton Kardoso və Eduardo Borqes də hərəyə bir dəfə fərqlənərək, yığmamızın inamlı qələbəsinə töhfə veriblər. Rəqibin isə gücü hesab arasındakı fərqi azaltmağa çatıb.

Bununla da, Avropa çempionatına uğurlu start götürən Azərbaycan yığması 1/4 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Qeyd edək ki, bu qrupun son görüşü fevralın 4-də Azərbaycanla İspaniya arasında keçiriləcək.

AVRO-2018

D qrupu

2 fevral

Fransa - Azərbaycan - 3:5

Qollar: Landri Nqala, 6.59; Abdessamad Mohammed, 20.05; Suheyl Muhudine, 39.33 - Bolinya, 2.26, 22.02, 24.30; Everton Kardoso, 28.56; Eduardo Borqes, 37.09

Hakimlər: Angelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrey Çerniden (Çexiya)

Sloveniya, Lyublyana, “Stojica Arena”

Fransa: 1. Camel Harun (q,k), 6. Kevin Ramires, 8. Azdin Ayqun, 20. Suheyl Muhudine, 10. Abdessamad Mohammed, 12. Ba El Maaruf Kerrumi (q), 16. Joevin Duro, 18. Samba Kebe, 2. Sid Belhay, 5. Bulaye Ba, 19. Adrien Qasmi, 14. Samir Alla, 11. Landri Nqala, 7. Mişel de sa Andrade

Baş məşqçi: Pyerr Jake

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 13. Everton Kardoso, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov

Baş məşqçi: Joze Alesio da Silva

"Azərbaycan yığması elə mərhələyə çatıb ki..." 

"Biz də çox həyəcanlı idik, oyun da kifayət qədər həyəcanlı, gərgin keçdi". Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, bunu AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev deyib.

Futzal üzrə Azərbaycan millisinin AVRO-2018-in qrup mərhələsində Fransa ilə oyununu izləyən millət vəkili sevinc hisslərini bölüşüb.

O, komandamızın İspaniya ilə görüşdə daha yaxşı çıxış edəcəyinə inandığını əlavə edib: “Millimizin yer aldığı qrupda bizdən əvvəl Fransa və İspaniya qarşılaşmışdı. Fransanın güclü İspaniya ilə 4:4 hesablı heç-heçə etməsindən sonra əksəriyyət millimizin necə oynayacağını, hansı nəticəni qazanacağını düşünürdü. Düzgün strategiyanın seçilməsi nəticənin uğurlu alınmasında başlıca rol oynadı. Bu gün cənab prezidentimizin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün növləri inkişaf etdirilir. Artıq Azərbaycan yığması elə bir mərhələyə çatıb ki, heç bir rəqibdən çəkinmək, qorxmaq mümkün deyil. Futzalçılarımız öz oyunlarını göstərdilər, həyəcanlı anlar yaşatsalar da, inamlı qələbə qazandılar. Bugünkü qələbə İspaniya ilə oyunda daha yaxşı çıxış edəcəyimizə inam yaratdı. Komandamız ikinci görüşünün nəticəsindən asılı olmayaraq, artıq 1/4 final mərhələsinə vəsiqə qazanıb. Təbii ki, bunun özü böyük nailiyyətdi. Bu uğurun əldə edilməsinə görə, AFFA və futzal federasiyasının rəhbərliyinə təşəkkür edirik. Yaxşı oyuna görə azarkeşlərimiz bizi, biz də qazanılan nəticəyə və komandamızı daim dəstəklədiklərinə görə, onları təbrik edirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol