Menu

Elman Rüstəmov bu il üçün Mərkəzi Bankın əsas hədəflərini açıqlayıb

03.02.2018, 14:58
Elman Rüstəmov bu il üçün Mərkəzi Bankın əsas hədəflərini açıqlayıb

Mərkəzi Bankın(AMB) İdarə Heyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyevin ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri çıxışında önə çəkən E.Rüstəmov bildirib ki, yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib və inflyasiya gözləntiləri nisbətən səngiyib. Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub.

E.Rüstəmov qeyd edib ki, prezident İlham Əliyev ölkədə makroiqtisadi vəziyyətin sabitləşdiyini, inflyasiyanın səviyyəsinin aşağı olmasını, eləcə də manatın məzənnəsinin sabit olduğunu vurğulayıb və ölkənin hərtərəfli inkişafı ilə bağlı bir sıra mühüm göstərişlər verib. Bununla əlaqədar, Mərkəzi Bankın 2017-ci ilin yekunlarına həsr olunmuş toplantısının əsas məqsədinin həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə cənab Prezidentin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu bildirib. Vurğulanıb ki, 2017-ci ildə Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirib, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənib.

Onun sözlərinə görə, 2017-ci ildə makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın bərpasına şərait yaradıb. Belə ki, ötən il qeyri-neft sektorunda ümumi daxili məhsul real olaraq 2,7% artıb. Xarici tələblə yanaşı daxili tələb iqtisadi artımda mühüm rol oynayıb, dövlət büdcəsi xərcləri daxili tələbə təsir edən mühüm amillərdən biri olub.

“2017-ci ildə inflyasiya gözləntiləri stabilləşib. Dövlət Statistika Komitəsinin məlumatına görə valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasiyanın səviyyəsinə təsir edən başlıca amillər olub”, -deyə E.Rüstəmov vurğualyıb.

"Manat müəyyən qədər yığım vasitəsi funksiyasını bərpa edib”

Elman Rüstəmov deyib:“2017-ci ildə monetar şərait əsasən fiskal sektorun və bank sisteminin likvidliyə olan ehtiyaclarının təsiri altında formalaşıb”.

Onun sözlərinə görə, pul siyasəti alətləri inflyasiya və pul təklifi üzrə hədəflər, eləcə də pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib: “2017-ci ilə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7% artıb ki, bu da qeyri-neft sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir. İl ərzində iqtisadiyyatda ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün daim kifayət qədər pul olub. Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə yanaşı, hesabat ilində manat müəyyən qədər yığım vasitəsi funksiyasını da bərpa etməyə başlayıb”.

E. Rüstəmov əlavə edib ki, valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib.

"Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq"

E.Rüstəmov bildirib ki, Makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında duran başlıca vəzifədir.

Elman Rüstəmov deyib ki, 2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir: “ Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti olacaq. Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək, bununla əlaqədar bütün istiqamətlərdə zəruri islahatların aparılması diqqətdə saxlanılacaq”.

AMB sədri əlavə edib ki, hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq. “Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank konservativ pul siyasətini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcək. Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər. Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Bununla belə ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanacaq, - deyə E.Rüstəmov vurğulayıb.

"Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər"

manat_290814Onun sözlərinə görə, pul siyasəti hədəflərinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı alətlərdən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək: “Mərkəzi Bank banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Alətlərdən istifadə bank sistemindəki likvidlik vəziyyətindən asılı olacaq. Struktur likvidlik profisiti olduğu təqdirdə Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər. Faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcək. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək”.

AMB sədri qeyd edib ki, siyasət qərarları pul siyasətinin transmissiyası xüsusiyyətləri də nəzərə alınacaq, qərarlar qabaqlayıcı rejimdə qəbul ediləcək: “ Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcək. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcək”.

Bundan başqa, pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək: “Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair Mərkəzi Bank tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni əhəmiyyətli yaxşılaşdıra bilər. Mərkəzi Bank son dövrlərdə sürətlə populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri də izləyir və bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılması üzrə pilot layihənin reallaşdırılması nəzərdə tutulur”.

Mərkəzi Bankın vacib funksional fəaliyyət istiqamətlərindən olan nağd pul sferası üzrə 2018-ci ildə tədavüldə nağd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi, yübiley və əlamətdar hadisələrə həsr olunmuş xatirə pul nişanlarının tədavülə buraxılması və bütövlükdə nağd pul idarəedilməsi sistemlərinin effektivliyin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaq.

E.Rüstəmov eyni zamanda yeni çağırışlardan, xüsusilə də prezident İlham Əliyevin son çıxışlarında irəli sürdüyü inkişaf vəzifələrindən, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi Tədbirlər Planından, eləcə də Mərkəzi Bankının 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında Mərkəzi Bankda strateji planlaşmanın, tədqiqat, analitik və proqnozlaşdırma bazasının, yeridilən siyasət və fəaliyyətin kommunikasiyasının, risk idarəetməsinin, insan kapitalının, idarəetmə proseslərinin, hüquqi dəstəyin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirib.

Şərhlər

Timurchin 2018-02-03 14:58:47

Davamı.........“2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir” …..)))))tanış olmaq olar bu yeni iqtisadi artım modelinin mahiyyəti ilə….)))) ortada iki variant var: 1. Neft gəlirlərinin istifadəsinə qənaət və makro-maliyyə sabitliyi; 2. Neft gəlirlərinin dövlət investisiyaları şəklində intensiv istifadəsi. Bu iki variantda yalnız monetar və fiskal alətlərin istifadəsi ilə fərqlənir. Yeni iqtisadi artım modeli nədir??? əgər köklü institusional dəyişikliklər barədə heç söhbət belə yoxdursa???

Timurchin 2018-02-03 14:58:47

“Xarici tələblə yanaşı daxili tələb iqtisadi artımda mühüm rol oynayıb, dövlət büdcəsi xərcləri daxili tələbə təsir edən mühüm amillərdən biri olub” …........))))))) bir az aydın olmadı, cənab sədr??? 1. statistik xəta səviyyəsində olan artım nə vaxtdan əhəmiyyətli iqtisadi artım sayılır??? 2.bəs əhalinin real gəlirləri və real orta əmək haqqı səviyyəsinin azalması, investisiyaların hətta nominal ifadədə azalması şəraitində daxili tələb necə və hansı iqtisadi artımda mühüm rol oynaya bilər??? 3. bəlkə daha dəqiq ifadə etsək büdcə xərclərinin əvvəlki ilə nisbətdə artımım iqtisadi tənəzzülün dərinləşməsinin, əhalinin yoxsullaşmasının dərinləşməsinin qarşısını alıb??? Yəni neft gəlirləri azalsa yenə köhnə hamam, köhnə tas - manatın devalvasiyası, əhalinin yoxsullaşması, investisiyaların azalması və s.???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol