Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənanyarlı və Əvəz Həsənov Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin sədri, fizika üzrə fəlsəfə doktoru Həsən Hüseynlinin məhkəmə işinə görə prezident İlham Əliyeva müraciət ediblər.
Müraciətdə qeyd olunur ki, Həsən Hüseynli 2014-cü il martın 31-də həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda təqsirləndirilərək 48 saat Gəncə Şəhər Baş Polis İdarəsində saxlanıb, daha sonra müstəntiqin qərarı ilə polis nəzarətində olmaqla azadlığa buraxılıb: “Arzu Qəhrəmanovun böhtanı və istintaqa yanlış ifadəsi nəticəsində ittiham olunan Həsən Hüseynliyə qarşı ciddi sübutlar və ittiham faktları ortaya qoyulmayıb. İstintaq onun Arzu Qəhrəmanova xəsarət yetirməsi faktını sübut edə bilməyib. Buna baxmayaraq Gəncənin Nizami Rayon Məhkəməsində aparılan prosesdə dövlət ittihamçısı Həsən Hüseynliyə qaldırılan qondarma cinayət işinin maddələrində nəzərdə tutulan ən ağır cəzanı – 7 il həbs verilməsini istəyib”.
Hüquq müdafiəçiləri Həsən Hüseynlinin vətəndaş cəmiyyətinin qurulması istiqamətində rolunu vurğulayaraq bildiriblər ki, son 15 il ərzində Gəncə şəhərində maarifçilik tədbirlərinin həyata keçirilməsində, istər dövlət strukturları, istərsə də beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında onlarla savadlı gəncin iş tapıb çalışmasında və onların təhsilinin dünyanın bir çox tanınmış universitetlərində davam etdirməsində Həsən Hüseynlinin rəhbərlik etdiyi təşkilatın və şəxsən onun özünün danılmaz rolu olub: “Həsən Hüseynli Gəncədə kifayət qədər hörməti olan bir alim və ziyalıdır. Onun uydurma ittihamla həbs olunmasına imkan verilməsi dövlətimizin ziyalılara və ictimai fəal insanlara indiyə kimi göstərdiyi qayğıya ciddi zərbə olar”.
Hüquq müdafiəçiləri İlham Əliyevi Həsən Hüseynlinin əsassız ittihamlarla həbs olunmasına imkan verməməyə çağırır.


Şərhlər