“Qarabağla bağlı məsələ Azərbaycan mətbuatında təqdim olunandan qat-qat mürəkkəbdir”.
Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu Rusiyanın Azərbaycanı necə təhdid edəcəyi ilə bağlı məsələni şərh edərkən söyləyib.
O, Rusiyanın Azərbaycanı necə təhdid edəcəyini söyləməyin çətin olduğunu bildirib:
“Rusiyanın Azərbaycanı öz yanında saxlamaqdan ötrü hansı təhdidlərdən istifadə edəcəyini söyləmək çətindir. Ona görə ki, Rusiyanın əlindəki resursları və Azərbaycana təsir vasitələrini təsəvvür eləmək bir qədər çətindir. Moskvanın hansı vasitələrdən istifadə etməsinə daha çox diqqət etmək lazımdır. Məsələn, gördünüz ki, Ukrayna hadisələrindən sonra Rusiya faktiki olaraq separatizmi dəstəkləməyə başladı. Bu variantı indi Rusiya Azərbaycana tətbiq edə bilərmi? Bəs tətbiq olunsa, bu, nə verəcək? Qarabağ məsələsi elə də asan məsələ deyil. Ortada Ermənistan faktoru var. Qarabağ konflikti faktiki olaraq, hazırda beynəlxalq aləmin nəzarətindədir. İndi burada söhbət tək Rusiyadan gedə bilməz. Rusiya burada istədiyi kimi davranıb, istədiyi hərəkəti edə bilməz. Yəni məsələ Azərbaycan mətbuatında təqdim olunandan qat-qat mürəkkəbdir. Ona görə də mən deyirəm ki, Azərbaycana rayonların Rusiya tərəfindən qaytarılması boş söhbətdir və piar xarakteri daşıyır”.
Politoloq Rusiyanın Azərbaycan üçün cəlbedici olmadığını da deyib:
“Rusiya Azərbaycana cəlbedici təkliflər baxımından heç nə təklif edə bilməz. Uzaqbaşı Azərbaycan üçün öz daxili bazarını aça bilər. Amma bir məsələ də var ki, Azərbaycanın Rusiya bazarına ixrac edəcəyi məhsullar bu qədərmi çoxdur? Bu, qarşılıqlı olmalıdır. O zaman Azərbaycanın da öz bazarlarını Rusiyanın üzünə açması gərəkəcək. Bu isə faktiki olaraq Rusiyanın Azərbaycana ekspansiyası demək olacaq. Ya da Rusiya Azərbaycanı silahlandıra bilər ki, bunu da Bakı pulsuz almır. Yaxşı, bəs yerdə nə qaldı?
Ona görə də Rusiyanın resursları Azərbaycana cəlbedici olmaq baxımından kifayət qədər qıtdır. Bununçün də Rusiyadan növbəti mərhələdə təkliflər gözləmək lazımdır. Moskva istəyəcək ki, Azərbaycan Avrasiya İttifaqının üzvü olsun. Yenə də deyirəm ki, Azərbaycan bu təşkilatın üzvü olmayacaq”.


Şərhlər