Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmir Bank" ASC-nin mənimsəmədə təqsirləndirilən Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən F. Rəşadətli məhkəmədə ifadə verib. O, ittihamları qəbul etmədiyi və özünü təqsirli bilmədiyini deyib.
Onun sözlərinə görə, zərərçəkənlərə faizlə pul verib və ayrılan pulları da mənimsəməyib.
F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilir. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinirlər. Cinayət işində 8 nəfər zərərçəkmiş var.
Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.
Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən F. Rəşadətli sonradan məhkəmə zalında həbs edilib.


Şərhlər