Menu

ABŞ yeni «terror toxumları» səpir... - «İD» qalıqları Əfqanıstana toplaşır

22.02.2018, 00:10
ABŞ yeni «terror toxumları» səpir...  - «İD» qalıqları Əfqanıstana toplaşır

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri Antiterror mərkəzinin rəhbəri Andrey Novikov üzv ölkələrin milli mərkəzlərinin Odintsovoda keçirilən görüşündə bəyan edib ki, Suriyda və İraqda darmadağın edilmiş «İslam dövləti» (İD) terrorçu qruplaşmasının qalıqları Əfqanıstana və Pakistana toplaşmağa başlayıb.

«Utilizasiyadan sonra, «İD» qruplaşmasının döyüş nüvəsi digər bolgələrə evakuasiya olunur. Əldən verilmiş Suriya və İraqın əvəzinə, Əfqanıstan və Pakistanda «İŞİD»-in yeni dislokasiya bazası formalaşdırılır» - deyə, Novikov bildirib.

O, qeyd edib ki, «İŞİD» faktiki olaraq, sifətini dəyişir və bu zaman həm «qlobal dini-siyasi layihə», həm də «hərbi-siyasi model» olaraq, öz mahiyyətini saxlayır.

Novikovun sözlərinə görə, terrorçuların Əfqanıstana tranziti İraqa və Suriyaya aparan sxem üzrə qurulur.

«Həmkarlarımızdan daxil olan informasiyalara söykənərək, biz, yaxın zamanlarda «İŞİD»-in Əfqanıstanda mümkün fəallaşma ssenarilərini görürük. Düşünməyə əsas var ki, «İŞİD» burada heroin trafiki üzərində nəzarəti ələ keçirməyə can atacaq» - deyə, mərkəz rəhbəri bildirib.

Hələ ötən ilin oktyabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) başçısı Aleksandr Bortnikov qeyd etmişdi ki, Suriyada darmadağın edilmiş terrorçular Əfqanıstana doğru yerini dəyişir və oradan Rusiyaya qarşı hücumlar qurmaq cəhdləri göstərirlər. Onun sözlərinə görə, terrorçuların yeni dayaq məntəqələri həm də «Yəməndə, Mərkəzi Afrikada və Cənub-Şərqi Asiyada» yaradılır.

Bu arada, yayılan məlumatlara görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ və NATO hərbçiləri «İslam dövləti» terrorçu qruplaşmasının Əfqanıstanda iştirakı faktını inkar etməyə çalışırlar.

«Bizi narahat edən odur ki, təəssüflər olsun, Əfqanıstandakı ABŞ və NATO hərbçiləri hər cür susqunluq nümayiş etdirir və və bunu inkar («İD»-nin Əfqanıstanda iştirakını - red.) edirlər» - deyə, Lavrov Pakistanın xarici işlər naziri Havac Mühəmməd Asiflə keçirdiyi mətbuat konfransında bəyan edib.

Lavrovun sözlərinə görə, Əfqanıstanın şimalında və şərqində «minlərlə quldur» yerləşib: «Bu, terrorçuların Mərkəzi Asiyaya keçmək riskini artırır və oradan Rusiya ərazisinə keçmək o qədər də mürəkkəb məsələ deyil».

Digər tərəfdən, elə həmin Lavrovun sözlərinə görə, ABŞ və NATO-nun vertolyotları Əfqanıstanın yuxarıda barmaq tuşlanan bölgələrinə müntəzəm uçuşlar həyata keçirir və bu zaman nələrin daşındığı barədə israrla susurlar. Odur ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ və NATO-nun bu çalışmaya aydınlıq gətirməsi tələbi ilə sorğu edib.

Əvvəllər də, ən müxtəlif səviyyələrdə bir sıra dövlət rəsmiləri, ekspertlər, KİV nümayəndələri bəyan edirdilər ki, «İŞİD» deyilən quldur dəstələrinin İslam dininə (müsəlmanlara) heç bir aidiyyəti yoxdur və bu bəlanın «müəllifi» məhz ABŞ adlı dövlətin özüdür.

Yuxarıda qeyd olunanlar bir daha göstərir ki, artıq «cidanı çuvalda gizlətmək» mümkün deyil - ABŞ indi də «öz uşaqları»nı təyyarə və vertolyotlarla Suriyadan, İraqdan Əfqanıstana, Pakistana... daşıyır. Başqa sözlə, ABŞ indi bu ölkələrdə «yeni terror toxumları səpir».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol