“Beynəlxalq şəffaflıq” təşkilatı 2017-ci il üçün Korrupsiya Qavrama İndeksini açıqlayıb. Azərbaycan hesabatda 31 balla 180 ölkə arasında 122-ci sırada yer alıb. 2016-cı ildə isə ölkəmiz 30 balla 176 ölkə sırasında 123-ci yeri tutmuşdu. Yəni yaxşılığa doğru cəmi simvolik bir pillə irəliləyə bilmişik. Ölkəmiz adına heç də qürurverici hadisə deyil bu. Və təəssüf ki, futbol üzrə millimizin dünya sıralamasında tutduğu yerlərə öyrəşdiyimiz kimi, bu cür siyahılarda da qərarlaşdığımız mövqelərə artıq adət etmişik...
Qədim bir deyim var – xəstəlik gələndə batmanla gələr, çıxanda misqalla (damla-damla, qram-qram) çıxar. Korrupsiyanın da dövlətin, millətin vücudunu çürütdüyü, bugününü və gələcəyini məhv edib, qaraltdığı bir xəstəlik olduğu sirr deyil. Təəssüf ki, bizim də canımıza, qanımıza batmanla girən bu bəlanı damla-damla çıxarmağa çalışsaq da, ortada elə bir ciddi nəticə görə bilmirik. Məsələn, bu mərəzlə mübarizə sayılan son addımlardan biri, vergi nazirinin dəyişdirilməsi və yoxlamalara ara verilməsidir.
Hazırda belə təəssürat yaranır ki, komaya düşərək, reanimasiyaya yerləşdirilən sahibsiz sahibkarlığımıza yiyə duracağı gözlənilən həkim tapılıb. Sanki bu “xəstəni” artıq reanimasiyadan çıxarıb, palataya yerləşdirmək istəyirlər. Ancaq elə bil, “həkim” bir növ tərəddüd içərisindədir. Yəqin elə bu tərəddüdün nəticəsidir ki, ilk olaraq, vergi qurumundan qovulan 64 iri ranqlı məmurdan ən azı 2-sinin “naməlum səbəblərdən” geri qaytarıldığı barədə məlumatlar ortaya çıxdı. Digər tərəfdən, sahibkar hələ başına nə gələcəyini bilmir və hesab edir ki, bu sakitlik yalnız seçkiyə qədər davam edəcək, yəni qeyri-müəyyənlik içindədir. İstənilən halda onun tam sağalıb, ayağa qalxacağı gün çox uzaq görünür, çünki tam müalicə üçün yalnız vergi islahatı da kifayət deyil...
Sözügedən siyahıda bizdən çox-çox öndə olan Gürcüstan 46-cı, Belarus 68-ci yerdə, bizim baxıb “şükür edəcəyimiz” Tacikistan isə 161-ci pillədədir. Bir növ Gürcüstanla Tacikistanın arasında qalmışıq – tək korrupsiya sıralaması deyil, həm də mentalitet, düşüncə tərzi, yenilikləri qavrama və tətbiq etmə, dövlət-cəmiyyət münasibətləri və digər məsələlərdə. Bu gün bizim çoxumuz camaatın qanına susayan müftəxorları söysək də, övladlarımızı gələcəyin prokuroru, hakimi, gömrük və vergi işçisi, yaxud digər gəlirli sahənin heç olmasa ortabab ranqlı məmuru görməkdən imtina etmərik. Bilə-bilə ki, o mövelərdə “dolanışıq” hansı yollarla əldə edilir... Yəni ki, özümüzün canında da az yoxdur! Ancaq eyni zamanda da, biz mühitə görə öz davranışlarımızı tez dəyişə bilən bir toplumuq.

Primitiv bir nümunə - "Baku Bus"un yeni avtobuslarında və adi köhnə avtobuslarda insanlarımız özlərini xeyli fərqli aparır. Fikir vermisinizsə, yeni avtobuslarda səs-küy, dava-dalaş nadir hallarda olur, sanki sərnişinlər özlərini daha mədəni aparmağa borclu bilir. Yəni ümid var ki, mühit yaxşıya doğru dəyişdikcə, insanlarımız da mənfi meyllərdən uzaqlaşacaq...

Gözümüzün önündə Ziya Məmmədov, Eldar Mahmudov, Tağı Əhmədov, Cahangir Hacıyev, Heydər Babayev, hətta Əli İnsanov və digər nümunələr var. Ancaq hər kəs düşünür ki, bu aqibət ondan yan keçəcək. Bu gün "Ziya Məmmədovun evi yandı" xəbəri bütün qəzetlərin manşetlərini bəzəyir. Sanki yazı-pozu əhli də, qara camaat da buna sevincək olub. Təbii ki, belə xəbərləri bu şəkildə təqdim etmək və belə şeylərə sevinmək bir tərəfdən doğru deyil, ancaq camaatı qınamaq da çətindir. İnsanların içində illərdən bəri xalqın sərvətləri hesabına harınlayıb-şişən məmurlara qarşı mənfi enerji yığılıb və belə xəbərlər az da olsa, onlara təsəlli verir. İnanın ki, hazırda vəzifədə olanların da böyük əksəriyyəti bugün "vurulub", sabah evi yansa, eyni münasibəti görəcəklər. Məsələnin təəssüf doğuran əsas cəhəti odur ki, bu adamların “şişməsini” gözləyirlər, şişməmiş bunları durduran yoxdur...
Bugün iqtisadiyyatın məmur-oliqarxların nəzarətində olmayan hansısa istiqaməti varmı? Səhiyyədən tutmuş əmlak məsələlərinə, məhkəmə-ədliyyə sistemindən yol polisinə qədər, korrupsiyanın "şumlamadığı" hansı sahələr qalıb? Biz öyrəşmişik ki, səhiyyə naziridirsə, klinikası, iqtisadiyyat naziridirsə, iri müəssisələri və sair olmalıdır. Yəni ki, hərə öz sahəsinin "atasıdır"!
Bir şey gün kimi aydındır ki, bu məmur-oliqarx zümrəsinin ölkə iqtisadiyyatına, cəmiyyətinə mənfi təsiri aradan qaldırılmayınca, biz korrupsiya ilə bağlı hesabatların "zirzəmisindəki" yerimizi qoruyub, saxlayacıq.
CƏLAL
AzPolitika.info


Şərhlər
Adam çox düzgün şərh yazıb:- Rabitə Nazirliyində əvvəllər heç olmasa vətəndaşın şikayətinə baxırdılar.İndi isə vətəndaşın
şikayətinə heç əhəmiyyət də vermirlər.Ciddi,peşəkar kadrlar kənarda qalıb,qeyri-ciddi kadrlar rəhbər vəzifələrə təyinat alırlar.Rabitə dövlətin bel sütunudur,hər kadrın rabitəyə təyin olunması,onun iflasına gətirib çıxarır.Savadlı məmur öz işçisini,başqalarının sözü ilə işdən azad edib işsiz qoymaz? Əsl məmur birinci növbədə onun göstərdiyi xidmətlərini araşdırmalı və qiymət verməlidir.
Olme qaranquwum olme, yaz gelecek,her wey yerini tapacaq,gozel gunler,ag gunler ,yoluna duwen gunler hele qarwimizdadir!
Korrupsiya və transmilli "dövlət-mafiya"ları QARA QIFIL altında "şəffaf" işlədiyindən heç bir sirr açılmayacaq. Zaman göstərdi ki, millətçi erməni mafiyası ilə daha kimlərin Azərbaycanı zorladığını sübuta yetirib bəyan etməyincə heç nə dəyişməz!?
GÜRCÜSTANDA XƏSTƏLİK BATMANLA GƏLMİŞDİ ELƏ BATMANLA DA ÇIXDI.
Beri bawdan deyim ki, Heyder Babayevle hec bir qohumluq elaqesi yoxdur!!! Men her weyi bawa duwdum, tek bir weyden bawqa. "Numune" kimi gosterilen insanlarin icerisinde Heyder Babayevin adinin Eldar Mahmudovla bir sirada cekilmesine bawa duwe bilmedim????!!!! Beyem Heyder Babayevin iwden neye gore cixarilmasini bilmeyen varki?
Azərbaycanda korrupsiya və rüşvət, keçmiş SSRİ-zamanında daha şiddətlə tüğyan edirdi.Pambıq və üzüm pripiskaları, sənayedə şişirtmə rəqəmlər sanki həyat normasına çevrilmişdi.Ali məktəblərə qəbul olunmaq üşün, təyin olunmuş qiymətlər var idi.Kasıb balaları institutlara qəbul olunmaq üçün o biri Respublikalara üz tutur, elə oralarda da qalırdılar.Bu xəstəlik çoxdan canımızdadır, buna o qədər öyrəşmişik ki, əzizimiz və doğmamiza çevrilib.Necə deyərlər alan da razı, verən də ..
Bəlkə, bizi yaxşı tanımayan reytinqləri kənara qoyaq? Hər işi özümüz "görüb", özümüz də dəyərləndirək. Beynəlxalq korrupsiyada "Azərbaycan amili" şəksiz birincidir. BTC lahyəsi B/valyuta fondu ilə 2,5-dən 3,2 milyarda qaldırıldı, gəliri də yunan milyarderinə çatır. Əsrin kontraktı üzrə 2031-ə qədər illik xərcləri 2 mlrd. çoxdan 5 mlrd.dollara şişib. Bu milyardları Xəzər və varlanacaq Azərbacan ödəməli olur! Belə-5 dəfə sürətlə "yeridilməyən" ölkə daha sürətlə tükənir.
Ən çox karrupsiya Qaçqınkom,Sosial Müdafiə və Rayon İH -dədir.Seçkidən əvvəl,yaxud da sonra bunlar aradan götürülsə (Kadrları gənclərlə əvəz edib PA-la əlaqəni kəssələr),Ölkədə karrupsiyanın səviyəsi minumuma enəcək.
Rüşvətxorlar tonla yeyir. pensiyalar isə misqal-misqal artır.
Indi Heyder Babayev bunlardan hansi ile elaqelidir, "Transmilli mafaya"larla yoxsa "milletci ermeni mafiyasi" ile? )))
Rüşvət?Bu böyük bir bəladır.Rüşvətə görə ==ÖLÜM==hökmü tətbiq olunmasa korrupsiyanın qarşısı heç vaxt alına bilməz.Ən əsas yol isə bütün nazirliklərin struktur rəhbər işçilərini müftləşdirmək lazımdır.RYTN yeni nazir təyin olunduçguya RYTN düzəldi?Əksinə daha da bərbad vəziyyətə düşdü.RYTN korrupsiyanın başında ATS,TQ,HMİ,Azərpoc,PF rəisləri, korrupsioner rəisləri və müavinləri durur.Nairliklərin aparat rəhbərləri durur.AzərSUN-da Muhammad Gozal durur.SKMF-da Şirzad Abdullayev durur.