Bu gün Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzində (BSM) media üçün “Açıq qapı” günü keçirib. Mərkəzə dəvət olunan bir qrup jurnalist yaradılan şəraitlə tanış edilib.
Virtualaz.org saytı xəbər verir ki, əvvəlcə BSM-nin direktoru Tərlan Qədirov jurnalistlərə mərkəzin yaranması və fəliyyəti haqda məlumat verdi.
Xəstələrə gündə üç dəfə yemək verildiyini deyən direktor onlara göstərilən xidmətlər haqda da məlumat verdi: “Yeməklər mərkəzləşdirilmiş qaydada 1 nömrəli xəstəxanadan gəlir. Xəstələrə kənardan qida məhsullarının gətirilməsi qadağandır. Mərkəzin ərazisində siqaret çəkmək, pəncərələri açmaq qadağandır. Binada mərkəzləşdirilmiş çiller, qazanxana, kondisioner sistemi var. Bütün son avadanlıqlarla təchiz olunan mərkəzdə ultrasəs müayinəsi (UZİ), maqnit-rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası aparatları var. Palatalar iki nəfərlikdir. Palatalarda xəstələrin rahat istifadəsi üçün çağırış sistemi, hamam və tualet var”.
Direktor mərkəzdə göstərilən bütün xidmətlərin pulsuz olduğunu qətiyyətlə bildirdi. BSM dövlət xəstəxanası olduğundan T.Quliyev burada hansısa bir xidmət üçün pul tələb olunmasının mümkünsüz olduğunu söylədi.
T.Quliyev xəstələrin mərkəzə qəbul olunma şərtləri haqda da məlumat verdi: “Səhiyyə Nazirliyinin və Baş Səhiyyə İdarəsinin qərarı ilə hər bir xəstə qeydiyyatda olduğu rayondakı xəstəxanada müayinə olunur. Bu mərkəz Nərimanov rayonu ərazisində olduğundan bu rayonun xəstələri mərkəzin xidmətlərindən istifadə edə bilir. Şəkərli diabet və lor xəstələri bizim mərkəzə göndərilə bilərlər. Çünki bura mərkəz olduğundan həmin xəstələr qəbul olunur”.
Direktorun çıxışından sonra jurnalistlər iki qrupa ayrılaraq mərkəzin cərrahiyyə, ginekologiya, reanimasiya, müayinə şöbələri ilə tanış oldular.
Müalicə işləri üzrə direktor müavini Qüdrət Allahverdiyev və II cərrahiyə şöbəsinin müdiri Elçin Əzizov jurnalistləri mərkəzin fəaliyyəti və göstərilən xidmətlərlə yaxından tanış etdi.
Jurnalistlər mərkəzdə müalicə olunan bir neçə pasiyentdən xəstəxanada göstərilən xidmətlərdən razı olub-olmadıqlarını soruşdu. Pasiyentlər xidmətlərdən razı olduqlarını və onlardan xidmət üçün heç bir pul tələb olunmadığını dedilər.
Bir məsələni də qeyd edək ki, dövlət xəstəxanalarında göstərilən xidmət hər zaman ciddi müzakirə olunan və vətəndaşların ən çox narazılıq etdikləri məsələlərdəndir. Bu narazılıq həm xidmətdən, həm də mövcud şəraitdən olub. Aydındır ki, dövlət xəstəxanalarında müalicə olunan xəstələr yaxşı münasibət və xidmət görmək istəyirlərsə, müəyyən məbləğ və ya “hörmət” etməlidirlər. Əks halda dövlət xəstəxanalarında vətəndaşlara heç bir halda normal xidmətin göstərildiyini demək olmaz.
Dövlət xəstəxanalarının xadiməsi, tibb bacısı, hətta baş həkimləri də “hörmət” etməyən xəstələrin üzünə belə baxmır. Ümid edək ki, yeni fəaliyyətə başlayan BSM digər dövlət xəstəxanalarından fərqlənəcək və bu mərkəzi digərlərinə örnək göstərmək kimi bir şansımız olacaq.
Sonda kiçik bir detalı da qeyd etmək istərdik. BSM-də olarkən öd kisəsindən əməliyyat olunmaq üçün mərkəzə bu gün gələn pasiyentlərdən biri ilə söhbətimizdə ona “buradakı qiymətlərdən razısınızmı” sualını verdik. Pasiyent sualımıza cavab olaraq “qiymətlər normaldır” dedi. Bu cavab isə bizi düşünməyə vadar edir...
Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzi prezident İlham Əliyevin 2010-cu il, 6 avqust tarixli sərəncamı əsasında inşa olunub. 50 min kvadratmetr sahəsi olan tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəz müasir avadanlıqlarla təchiz edilib. Mərkəzdə tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunur. BSM-də tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün şərait yaradılıb.
Mərkəzdə ölkə tarixində ilk dəfə tətbiq edilən tibbi texnika və avadanlıqlar var. Bu avadanlıqlara müasir maqnit-rezonans aparatı, LED sistemli cərrahi işıqlandırıcılar, mərkəzləşdirilmiş sterilləşdirmə sistemini misal göstərmək olar.
BSM-də kompüter tomoqrafiyası, rəqəmsal rentgen, ultrasəs aparatları və digər müasir tibbi cihazlar, cərrahi asma panellər, masalar, kameralar və rentgen aparatları, həmçinin barokamera, mərkəzi oksigen sistemi, yeni doğulmuşlar üçün küvezlər və reanimasiya otaqları var.






Şərhlər