Menu

Yaxın Şərqdə üçüncü müharibə - Əl-Bağdadi Qəzzada ikinci cəbhə açır

12.07.2014, 17:36
Yaxın Şərqdə üçüncü müharibə - Əl-Bağdadi Qəzzada ikinci cəbhə açır

Suriyada 3 ildən çoxdur davam edən qanlı müharibəyə və İraqda “İraq və Şam İslam Dövləti” (İŞİD) barbarlarının misilsiz qəddarlıqlarla müşayiət olunan hücumlarına Yaxın Şərqdə üçüncü təhlükəli müharibə əlavə olunub.

Üç yəhudi yeniyetmənin işğal altındakı Fələstin ərazilərində salınmış yəhudi məskənlərindən oğurlanaraq öldürülməsi İsraillə Qəzza sektoruna nəzarət edən “Həmas” arasındakı bir neçə ildir davam edən atəşkəsə son qoyub.

İyulun 8-dən etibarən İsrail ordusu üç yeniyetmənin öldürülməsinə görə cavabdeh elan etdiyi “Həmas”a qarşı hava əməliyyatlarına başlayıb.

Buna cavab olaraq “Həmas” yaraqlıları Qəzza sektorundan İsrail ərazisini, o cümlədən paytaxt Təl-Əvivi raket atəşinə tutmağa başlayıb.

Ərəb-İsrail müharibəsində hesab həmişə olduğu kimi bu dəfə də yəhudi ordusunun xeyrinədir. İyulun 11-nə olan xronikaya əsasən İsrail aviasiyasının hava zərbələri nəticəsində Qəzza sektorunda 100-dən çox adam həlak olub. “Həmas” onların yarıdan çoxunun dinc sakinlər olduğunu bildirir.

İsrail ordusu isə hələlik itki verməyib və cəmi iki əsgərinin yüngül yaralandığını açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Qəzza sektorunda “Həmas”ın mövqelərinə endirilən zərbələrin miqyası hər gün böyüyəcək. “Sarsılmaz qaya” adlı əməliyyatda məqsəd “Həmas”ın bazalarını, hərbi qanadının liderlərini, silah-sursat daşımaq üçün istifadə etdiyi tunelləri dağıtmaqdır.

Xəbərlərə görə, İsrail hava zərbələri ilə kifayətlənməyəcək və quru əməliyyatlarına da başlayacaq. Bu isə aylarla sürə biləcək irimiqyaslı müharibə deməkdir.

Əsas beynəlxalq və regional oyunçular tərəfləri atəşkəsə çağırsalar da belə görünür ki, Yaxın Şərqdə üçüncü qanlı müharibə qaçılmazdır. Fələstinlilərin alovlu müdafiəçisi kimi tanınan (maraqlıdır ki, Ərdoğan İŞİD-in İraqda minlərlə şiə ərəbi və türkməni qəddarlıqla qətlə yetirməsinə görə səs çıxarmadı) Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan tərəflər arasında atəşkəs üçün vasitəçilik təklif etsə də İsrailin baş naziri bu təklifi rədd edib.

Habelə ABŞ prezidenti Barak Obamanın atəşkəs üçün vasitəçilik təklifi dəstəklənməyib.

Yaxın Şərq üzrə analitiklər qeyd edirlər ki, regiondakı indiki qarmaqarışıq və xaotik situasiyada İsraillə “Həmas” arasında yeni müharibə tərəflərin heç birinə lazım deyildi.

Bəs o zaman “Həmas” niyə üç yəhudi gənci öldürməklə bu müharibənin başlamasına səbəb oldu? İsrail baş naziri bu qətlə Qəzza zolağında hərbi əməliyyatlara başlamaqla cavab verərək nə dərəcədə düzgün addım atdı?

İsrail tərəfi bildirir ki, indiki müharibənin səbəbkarı, yəni üç yeniyetmənin öldürülməsinin təşkilatçısı “Həmas”ın hərbi qanadının liderlərindən biri Saleh əl-Aruridir.

S.əl-Aruri 15 illik həbs cəzasından sonra 2007-ci ildə İsrail həbsxanasından azadlığa çıxıb. Azadlığa çıxanda bəyan edib ki, terrorçuluqla üzülüşüb, çünki bu taktika fələstinlilərə uğur gətirmir.

Lakin İsrail xüsusi xidmət orqanları hesab edir ki, əl-Aruri bu baxışlarını dəyişib. O, Türkiyə ərazisində fəaliyyət göstərərək Qəzza sektorunda və İordan çayının qərb sahilində terrorçuluğun yeni dalğasını başladıb.

Virtualaz.org saytı xəbər verir ki, İtaliyanın “La Reppublica” qəzetinin Yaxın Şərq üzrə təhlilçisi Mark Halterin qənaətinə görə, “Həmas”la İsrail arasında başlayan bu müharibədə İŞİD lideri, özünü yeni xəlifə elan etmiş Əbu Bəkr əl-Bağdadinin əli var. Onun bildirdiyinə görə, üç yəhudi yeniyetmənin oğurlanaraq qətlə yetirilməsini “Həmas”dan ayrılan çoxsaylı radikal cihadçı qruplardan biri təşkil edib. Nəticədə bu insident bölgədə yeni müharibənin başlamasına səbəb olub.

Müəllif qeyd edir ki, əl-Bağdadinin dəqiq strategiyası var. Qəzza onun üçün diqqəti əsas hədəfdən yayındıran məqamdır. Ə.əl-Bağdadi bundan istifadə edib İordaniyaya hücuma hazırlaşır. İsrailin başı Qəzzada yeni müharibəyə qarışdığı bir vaxtda əl-Bağdadinin ordusu absurd xilafət ideyasını həyata keçirmək üçün rahat şəkildə İordaniyaya keçib krallığı ələ keçirməyə çalışacaq.

Hazırda əl-Bağdadinin ordusu bir tərəfdən Suriya ilə sərhədə nəzarəti ələ keçirərək bu ölkədə döyüşən sünni radikallarla birləşməyə, o biri tərəfdən isə İraqla İordaniyanın sərhədini ələ keçirməyə çalışır. Əl-Bağdadi əmindir ki, İordaniyaya daxil olsa, əhalini asanlıqla kral Abdullaya qarşı qaldıra biləcək. Kral yalnız bədəvi ərəblərin dəstəyinə ümid edə bilərdi. Lakin İordaniya monarxiyasını qorumaq üçün İsrail müdaxilə etməli olacaq, əks haıda əl-Bağdadinin briqadaları Fələstini tutacaq.

Ekspertin fikrincə, “yeni bin Laden” məhz bu səbəbdən Qəzzada ikinci cəbhə açmağa çalışır.

Marek Halter bildirir ki, sonuncu dəfə Qəzzada “Həmas” lideri Xalid Maşalla görüşəndə o, tezliklə Qəzza sektoruna nəzarəti itirəcəyini demişdi. X.Maşal deyib ki, situasiya onun nəzarətindən çıxıb. Qəzza sektorunda radikal cihadçı cinahlar formalaşıb və onlar heç vaxt İsraillə danışıqlar aparmayacaqlar.

“İsrailin baş naziri isə siyasi opportunizm səbəbindən bütün günahı “Həmas”ın üzərinə atdı və hərbi əməliyyatlara qərar verdi” - deyən ekspertin qənaətinə görə, “Həmas” nəzərə alır ki, İsraillə tammiqyaslı müharibə başlasa çox şey itirəcək. Çünki bir neçə səudiyyəli şeyxdən və Qətərdən başqa “Həmas”a heç kim kömək etməyəcək.

Misirdə “Müsəlman qardaşları”nın hakimiyyətinə son qoyulması və hakimiyyəti ələ alan general əl-Sisinin “Həmas”ı terrorçu hesab etməsi də müharibənin Xalid Maşala sərf etmədiyini təsdiqləyir. Qəzzadakı radikal sünni cihadçıların isə itirməyə heç nəyi yoxdur.

Ekspert hesab edir ki, Yaxın Şərqdə baş verənlərin bütün günahı ABŞ-ın keçmiş prezidenti Corc Buşdadır. Çünki Buş 2003-cü ildə uydurma bəhanə ilə İraqa hərbi müdaxilə edərək planetin bu hissəsini qarışdırdı. /virtualaz.org

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol