Menu

“Bu il bütün yarışları Xalq Cümhuriyyətimizin 100 illiyinə həsr etmişik” - Tofiq Heydərov

26.03.2018, 13:27
“Bu il bütün yarışları Xalq Cümhuriyyətimizin 100 illiyinə həsr etmişik” - Tofiq Heydərov

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı başlayıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Yarışın gedişatı zamanı KİV nümayəndələri ilə görüşən Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Tofiq Heydərov bu il təşkil olunacaq bütün yarışların Xalq Cümhuriyyətimizin 100 illiyinə həsr ediləcəyini deyib:

“Azərbaycan çempionatı müntəzəm olaraq təşkil edilir. Cənab prezident İlham Əliyev bu ili “Cümhuriyyət ili” elan etdikdən sonra biz də il ərzində keçiriləcək bütün yarışlarımızı Xalq Cümhuriyyətimizin 100 illiyinə həsr etmişik. Bu yarışın əsas məqsədi isə yığma komandanın heyətini yenidən formalaşdırmaqdır. Çünki qarşıda bizi çox böyük yarışlar gözləyir. Bildiyiniz kimi, ilin sonunda dünya çempionatı olacaq və burada Tokioda keçiriləcək olimpiya oyunlarına lisenziyalar verilməyə başlanacaqdır. Bunun üçün lisenziya xallarını yığmağın zamanıdır. Bundan başqa, bizim yeniyetmələrin yay olimpiya oyunlarından bir lisenziyamız var.

O, müsahibəsində Azərbaycan çempionatında iştirakçı sayının ildən-ilə artdığını da bildirib: “Bu yarışlara ancaq dərəcə normativlərini yerinə yetirə bilən idmançılar iştirak hüququ əldə edirlər. 1 ay bundan əvvəl zona birincilikləri keçirildi. 4 zona üzrə keçirilən yarışlarda 500-ə yaxın idmançı iştirak edib. Məhz o yarışlardan seçilən idmançılar ölkə çempionatlarında yer alıblar.

Elə çəki dərəcələri var ki, orada 3-4 ağır atlet iştirak edir, amma o demək deyil ki, bizim bu çəki dərəcələrində yalnız bu qədər idmançımız var. Sadəcə bu çəki dərəcələrində normativi doldurmayan iştirakçılar bu yarışa buraxılmır”.

Tofiq Heydərov son olaraq martın əvvəlində Bakıda və Sumqayıtda açılan yeni zallar barədə də danışdı və əlavə etdi ki, ilin sonunadək daha 7 zalın açılışı gözlənilir: “Demək olar ki, biz bütün bölgələrimizdə ağır atletika mərkəzlərinin açılmasını planlaşdırmışıq. Burada həmçinin mütəxəssilərimiz və məşqçilərimiz işlə də təmin olunur. Bundan başqa, digər ağır atletika növləri üçün də şərait yaradılır”.

Şərhlər

aysberq 2018-03-26 13:27:02

Ona görə də bu il heç bir yarış keçirməyin saxlayın gələn ilə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol