«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konqresi Rusiyadan S-400 zenit-raket kompleksləri (ZRK) almasına cavab tədbiri olaraq, Türkiyəyə F-35 qırıcılarının göndərilməsini bloklaya bilər. Bu barədə Türkiyə parlamentinin beynəlxalq məsələlər üzrə komisiyasının sədri Volkan Bozqır bəyan edib.
Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ-ın bir qrup demokrat-senatoru Türkiyənin Rusiyadan S-400 ZRK almaq planına cavab olaraq, bu ölkəyə qarşı sanksiya tətbiq edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirmək tələbilə, ABŞ Dövlət Departamentinə müraciət edib.
«ABŞ S-400 məsələsinə böyük önəm verir. Konqresdə S-400-ləri həm də F-35-lərin satışı ilə əlaqələndirmək istəyi hiss olunur. O baxımdan ki, əgər biz, S-400 alsaq, o zaman Konqres F-35-lərin satışına qadağa qoyan qərar qəbul edər. Senatorlar bunu açıq demirlər, amma onların müşavirləri ilə söhbətlərinin gedişindən belə bir siqnal alınıb. S-400 və F-35 - bunlar tamam başqa-başqa mövzulardır. ABŞ birbaşa hədələmir, amma əl altından dəyənəyi göstərir...» - deyə, Bozqır ABŞ-a səfərinin yekunları barədə «Hüriyyət» qəzetinə verdiyi müsahibədə bəyan edib.
Onun sözlərinə görə, Türkiyə «Petriot» ZRK satmaq barədə ABŞ-ın təklifinə baxmağa hazırdır. «Bu həftə Türkiyəyə ABŞ nümayəndə heyəti gələcək və «Petriot» sistemləri barədə təklif də gətirəcək. Qoy gətirsinlər - baxarıq, qiymətləndirərik. Amma biz, Konqresin texnologiyalar vermək barədə zəmanətinə israr etdiyimizə görə, indiyə qədər «Petriot» üzrə saziş imzalaya bilməmişik. Əgər ABŞ hökuməti cəlbedici qiymətlərlə belə təklif irəli sürsə, Türkiyə ona baxacaq» - deyə, Bozqır əlavə edib.


Şərhlər