DƏLƏDUZLUQ DA İNHİSARA ALINIB 

Zamin HZamin HACI

“Heç birə də yaxşı həyat üzündən hoppanıb düşmür”

(Stanislav Yeji Lets)

Bir nəfərin məhkəməsi gedir, qardaşımızı dələduzluq maddəsi ilə ittiham edirlər. Ələt beynəlxalq dəniz limanında işə düzəltmək adıyla cürbəcür adamlardan 1 milyon manata yaxın pul çırpışdırıbdır. Deyirəm, görün, necə məhsuldar ölkədə yaşayırıq. Əlini balığın qarnına soxursan, kürü çıxır. Lapatkanı yerə vurursan, neft püskürür. Həyasızın üzünə tüpürürsən, deyir, yaz yağışıdır. İndi bu liman da öylə. Təsəvvür edin, hələ o limana bir düz-əməlli vanna, nəinki vanna, hətta bir plastik kola butulkası da üzüb yaxın gəlməyibdir, ancaq işləmək adıyla neçə nəfəri yolublar. Bərəkət ta necə olur? Vaxtilə rəhmətlik nəqliyyat nazirimiz Ziya müəllim neçə il o limanın adıyla büdcəni sümürdü, indi də hökumətdə bu işin yaxşı davamçıları vardır. Hərə bir yerdən məmə tapıb sorur. Ağlamayana məmə yoxdur - müdrik atalarımız demişkən. Görünür onlar da bu intim dövlətçilik prosesinin yaxından iştirakçısı olmuşdur. Şahlar oğlunun gözünü çıxardırdı ki, xəzinəyə tamah salmasın. Xanlar bir-birinin atını-eşşəyini oğurlatdırırdı.

Sözgəlişi, bir dənə də Bakı-Tiflis-Qars-London-Qrenlandiya-Burundi dəmiryolu marşrutu açılıbdır, orada camaata uçaqla 2 saatlıq Bakı-İstanbul yolunu qatara minib bir həftəyə getmək təklif edilirdi, heç bilmədik axırı nə oldu. Qazaxın Poylu kəndindən, adının qara mərmərə yazılmasını istəməyən etibarsız qaynaqdan aldığımız xəbərə görə həmin yolun açılış mərasimində istifadə edilən qatar 3 aydan sonra nəhayət, Ağstafanı keçibdir, indi fıss-tıss eləyərək sərhədə yaxınlaşır, bəlkə burada da böyük törən olacaqdır, Gürcüstan ərazisinə giriş münasibətilə qatarın təkərləri çaxırla yuyulacaqdır.

Keçən ay bir hörmətli yoldaşımızın da məhkəməsi olmuşdu, orda zərərçəkən maşın ustası idi. Qəzet redaktoru bundan pul alıb müxbir vəsiqəsi verib, üstündə də vəd edibmiş: “Sənə jurnalistlər üçün tikilən binadan mənzil də alacağıq”. Ancaq təbii ki, o binadan ancaq bəzi redaktorlar katibələrinə və uşaqlarına mənzil ala bilərdilər, nəticədə usta evsiz qalıb şikayət edibdir. Bunu oxuyanda yadıma düşdü ki, həmin ev söhbətləri aktual olanda bir nəfər də hardansa mənim telefonumu tapıb zəng vurmuşdu, deyirdi kömək elə ordan ev alaq. Hətta demişdi qəzet vəsiqəm də var. Mən də fikirləşmişdim görəsən dünyaya nöş gəlir insan.

Uzun sözün qısası, həmin motoristə vəsiqə satan qaqaşın məhkəməsi davam etdirilib və bu həftə ortaya başqa “qazlar” da çıxmışdır (əslində şəxsən mən o qaqaşın dustaq edilməsinə qarşıyam, çünki motorist bəyəm jurnalist olmadığını bilmirdi? Nə üçün bir ətək pulunu fırıldaq yoluyla ev əldə etməyə sərf edirdi? Deməli burda günahkar-zad yoxdur. Hərə bir fırıldaqla başını saxlayır). Yeni “qaz dəstəmizin” üzvləri, yaxud, baş redaktorun qurbanları isə taksi sürücüsü, tamada, sünnət toylarında oxuyan ara müğənnisi və sairə şəxslərdir. Bunlara da jurnalistlər binasından ev almaq adıyla vəsiqə-zad sırıyıbdır. Bacarıqlı insandır. Heç beləsini tutarlar? Əksinə, qol-qanad verməliyik, potensialından dövlətçiliyimiz naminə yararlanmalıyıq. Qoy bunu Mətbuat Şurasının idarə heyətinə üzv, qoy informasiya blokadasını yarsın, Qarabağı alsın. Vallah. Ermənilərə jurnalist vəsiqəsi satıb BMT binasından müstəqil otaq boyun olardı. Əlinə televiziya kamerası ver, bütün dünyanı şərləsin, ifşa eləsin, xaricdən maliyyələşən qara qüvvələri ağ yuyub, mavi sərsin.

Görünür, bizdə insanın təşəbbüskarlığı, istedadı heç də həmişə böyük rol oynamır. Gərək adamın bir az da ağ tükü, yəni bəxti olsun. O hərəkət ki, bəzilərinə buna görə dövlət mükafatı verilir, başqalarını tutub qoduqluğa salırlar. Necə deyərlər, yetim əlində qoğal əcaib görünür. Hələ biri də var: “Yetim qızsan, qıvrıl yat”. Bah-bah. Gör necə insaflı, mürvətli insanlar olublar.(musavat.com)

635x100

Şərhlər

SUAL 2018-03-29 12:11:40

ƏN DƏHŞƏTLİSİ ODUR Kİ ZAMİN QAĞA JURNALİSTLƏR UCUN TİKİLƏN BİRİNCİ BİNADA 150 İKİNCİ BİNADA İSƏ 250 AİLƏLƏK MƏNZİLLƏR ONLARA VERİLSƏ DƏ OLKƏDƏ MƏHSUR AKADEMİK DEMİŞKƏN 40 TANİNMİŞ JURNALİSTİMİZDƏN BAŞQASİNİ BİLİB, TANİYAN YOXDUR. BELƏ MƏTBUAT KİMƏ VƏ NƏYƏ LAZİMDİ?

aysberq 2018-03-29 12:11:40

Hörmətli Zamin bəy! Qələminiz həmişə iti olsun! Zəhmət olmasa 26 mart 2018-ci ildə verdiyiniz məqaləni təkrar verəsiniz! Onu niyə siliblər, yəqin ki, "irəli"dən geriləməyə başlanıb ona görə!

ABDULQADIR 2018-03-29 12:11:40

ALLAH SENI GÜLDÜRSÜN ZAMIN BEY.CHOXDANDIR BELE GÜLMEMISHDIM.

polad 2018-03-29 12:11:40

onsuzda bizi coxdan supurub zibil yeshiyine atiblar gedin pampiq zaddanaldiraca yiqib qanqalla bashinizi dolandirin qabaqda bizi yene bahalashma gozleyir seckiden sonra benzini qaldiracaqlar adinida qoyacaqlar qulaq

Son yazılar