Azərbaycanda “iftar biznesi” çiçəklənir
Yəqin ki, telekanal və radio adlanan “təşkilatlarda” allı-güllü adları olan ayrı-ayrı şadlıq evlərinin “stolun biri filan qiymətə” reklamlarına çox rast gəlmisiniz. Özləri də şadlıq evlərindən həm səviyyəsinə, həm də maraqlarına görə fərqlənməyən bu “teleradio donqililərinin” maraq və məramları hamıya gün kimi aydındır. Bunlar hamımız tərəfindən olduqları kimi qəbul olunublar və öz fəaliyyətləri ilə hansısa xüsusi müzakirəyə, təhlilə heç bir əl yeri qoymayıblar. Bunların sifəti və təmayülü nə qədər bəlli olsa da, bir sıra həssas məqamlarda göstərdikləri “perfromans” istər-istəməz diqqət cəlb edir.
Məsələn, hazırda yaşadığımız müqəddəs Ramazan ayında özlərini vətənpərvər və az qala imam övladı kimi təqdim edən şirkət rəhbərlərinə aid radionun efirində gedən reklama fikir verin: “Qafqaz City Baku Hotel”in filan mərtəbəsində möhtəşəm mənzərsi və həzin musiqisi olan restoranda iftar bir nəfər üçün 33 manata!” Nə az, nə çox!
Görəsən, bu qiymətə oruc açanlar bunun günah sayılan israfçılıq olduğunu bilmirlərmi?
Xatırladaq ki, Azərbaycanda minimum əmək haqqı 105 manatdır və pensiyalar da buna uyğun hesablanır. Yəni, həmin restoranların hesabı ilə təqribən 3 iftar yarım! Görəsən, belə “iftar süfrələri” açan və onlarda iştirak edənlər gerçəkdənmi özlərini iman sahibləri hesab edirlər?
Onsuz da belə iri obyekt sahiblərinin hakimiyyətdəki yüksək eşelon təmsilçiləri və onların himayəsindəkilər olduğu şəksizdir. Belələrinə demək istəyirsən ki, kababınızı, arağınızı satın da, çoxmu vacibdir dindən də pul qazanmaq? Bilmirsiz ki, bu sahədən pul qazanmağın da öz monopolisti var? Digər tərəfdən, “natəmiz” pullarla inşa edilən və idarə olunan yerlərdə iftar açmaq o qədərmi vacibdir? Heç bir inanclı insanın xətrinə dəymək istəməzdik, ancaq olmazmı ki, görməmişlik və yekəxanalığınızdan heç olmasa, oruc tutduğunuzu hesab etdiyiniz, ancaq sadəcə ac qaldığınız bu günlərdə vaz keçəsiniz? Pulunuz var, çox yaxşı, amma, Suriyada, İraqda, Fələstində və digər müsəlman ölkələrindəki dəhşətləri bir tərəfə qoyaq, elə bizim ölkəmizdə kimsə iftarını yarı ac-yarı tox açırsa, siz alt mərtəbələrində nələrin baş verdiyi məlum olmayan hotellərin yuxarı mərtəbələrində dənizə baxıb “od qiymətinə” iftar açmaqdan utanırsınızmı?
Bu gün Azərbaycanda 5 kişidən dördü evinə gündə 33 manatdan qat-qat aşağı məbləğdə pul gətirə bilir. Bunu həmin “elitar müsəlmanlarımız” bilmir?
Sovet İttifaqı yeni dağılanda ölkəmizdə İslamı elə qucaqladıq ki, bunun şirinliyi heç nə ölçülə bilməzdi. O vaxt kiminsə iftar süfrəsi açdığı və buna pulla qiymət qoyduğunu eşitsəydik, qulağımıza inanmazdıq. Bugünsə, buyurun! İftar filan qiymətə! Din sahəsində uzman olmasaq da, bircə şeyə şübhəmiz yoxdur – riyakarlıq və tamah istənilən inancın ən böyük düşmənidir.
Sonda həmin hotelin reklamındakı son cümlələrə diqqət yetirmənizi və kimlərinsə utanmasını istərdik: “Qonaqların restorandan özləri ilə yemək aparmasına icazə verilmir. Bunun üçün əlavə 33 manat ödənməlidir...” 33 manata iftar edənin özü ilə nəsə aparmasını təsəvvür edirsinizmi? Bu da bunların səviyyəsi, oruc tutanlara və Ramazana hörməti! Bəlkə də, bəzilərinə haqq edirlər...
Nə isə, Allah orucunuzu qəbul etsin!
Tahir M.

Şərhlər