«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclası çağırılacaq.
«Röyter» agentliyinin məlumatına görə, Suriyanın Duma şəhərində kimyəvi silahdan istifadə olunduğu barədə yayılan xəbərlə bağlı TŞ-nın 15 üzvündən 9-u qurumun təcili iclasının çağırılmasını tələb edib.
Tibb işçiləri və Suriyadakı monitorinq qrupları 70-180 nəfər yerli sakinin kimyəvi hücumun qurbanı olduğunu xəbər verirlər. Hücumda Bəşər Əsəd ordusu günahlandırılır.
Artıq bu gün ABŞ Prezidenti Donald Tramp hədələyərək, «Rusiya və İran Əsədi dəstəklədiklərinə görə, yüksək bədəl ödəyəcəklər» - bildirib və tibbi yardım göstərmək üçün ərazinin mühasirəsini aradan götürməyi tələb edib.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) və Müdafiə Nairliyi (MN) sözügedən rayonda Suriyanın hökumət qüvvələri tərəfindən xlor bombasının tətbiq olunduğunu qətiyyətlə təkzib edirlər.

Şərhlər