Bakı Apellyasiya Məhkəməsinə şikayət etmiş məhbus jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin işi indi də Ali Məhkəməyə gedib. Vəkil Bəhruz Bayramov “Media forum” saytına deyib ki, Ali Məhkəməyə Bakı Apellyasiya Məhkəməsində keçirilən hazırlıq iclasının qərarından şikayət verilib: “Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı vəsatətlərimiz əsassız olaraq təmin edilmədi. Apellyasiya instansiyasında vəsatətlər verdik ki, işə məhkəmə istintaqı ilə baxılsın. Məhkəmə bundan imtina etdi. Məcbur olub ilkin qərardan Ali Məhkəməyə şikayət verdik. Vəsatətlərimiz araşdırılmalıdır və əlavə şahidlər dindirilməlidir.

Ali Məhkəmədən verdiyimiz şikayətin təmin olunmasını, işin məhkəmə istintaqı ilə aparılmasını istəyirik. İş məhkəmə istintaqı ilə aparılarsa, vəsatətlərimiz təmin olunarsa, Pərviz Həşimlinin təqsirsizliyi tam sübuta yetiriləcək. Onun günahsız olduğuna əminik”.

Pərviz Həşimlini ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya şikayətində hökmün ləğv edilməsi və Pərviz Həşimliyə bəraət verilməsi istənilib.