“ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin verdiyi bəyanat faktlara əsaslanır və real vəziyyəti əks etdirir”. Bunu AzPolitika.info-ya açıqlamasında tanınmış siyasi analitik, publisist-jurnalist Mirzə Xəzər ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin “Azərbaycan dünyada jurnalistlərin həbs edilməsinə görə qabaqdadır” bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların hesabatlarına əsasən mətbuat azadlığının boğulması, jurnalistlərin təhlükəsizliyinin təmin edilməməsi, jurnalistlərin sərbəst şəkildə informasiya alıb yaymaq hüququnun pozulması, media üzərində senzura sahəsində Azərbaycan, təəssüf ki, Afrikanın Sudan və Eritreya kimi ölkələri ilə bir cərgədə yer tutur: “Beynəlxalq təşkilatlar Türkiyədə media sahəsində vəziyyətin də, qənaətbəxş olmadığını yazırlar, lakin Azərbaycanda media nümayəndələrinin sərbəst fəaliyyəti üçün yaranmış dözümsüzlük və zorakı vəziyyəti Türkiyədəki vəziyyətlə müqayisə etmək mümkün deyildir. ATƏT-in Daimi Komitəsinin son yarım ildə ATƏT məkanında söz və KİV azadlığının pozulması halları üzrə araşdırması ciddi və real faktlara əsaslanır və Dunya Miyatoviçin verdiyi məlumatın doğruluğuna şübhə etməmək olar. ATƏT haqlı olaraq, bildirir ki, Azərbaycanda həbs edilən və hökm gözləyən mətbuat işçilərinin sayı 10 nəfərə çatıb və bu, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi ofisinin yarandığı gündən etibarən ATƏT məkanında ən yüksək göstəricidir. Söhbət yalnız 10 jurnalist və bloggerin həbsə atılmasından getmir. Burada söhbət, bu həbslərlə Azərbaycanın media nümayəndələrinə göz dağı vermək, onları sərbəst fikir ifadə etmək imkanından məhrum etmək və bu yolla bütövlükdə medianı bir mərkəzin nəzarətində işləməsini (daha doğrusu susudurulmasını) təmin etməkdir. Azərbaycanda azad mediaya qarşı “genosid” həyata keçirildiyini desək, səhv etmərik”.

Ülkər Musazadə