Menu

Şahin Novruzlu “Nida” Vətəndaş Hərəkatından çıxmayıb

16.07.2014, 17:15
Şahin Novruzlu “Nida” Vətəndaş Hərəkatından çıxmayıb

Vəkil Nemət Kərimli Bakı İstintaq Təcridxanasında “Nida” Vətəndaş Hərəkatının məhbus üzvü Şahin Novruzlu ilə görüşüb.

“Media forum” saytına danışan vəkil Şahinin ovqatının normal olduğunu deyib: “Səhhətində problem yoxdur. Şahin Novruzlu “Nida” Vətəndaş Hərəkatından çıxmayıb. Həbsini qanunsuz sayır və bəraət istəyir, apellyasiya instansiyasında mübarizəni axıra qədər davam etdirəcək”.

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çılar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Mayın 6-da Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cəzası verilib. Hazırda bu işə Bakı Apellyasiya Məhkəməsində baxılır.

2014-cü il mayın 29-da Bəxtiyar Quliyev, iyulun 8-də Şahin Novruzlu prezident İlham Əliyevə müraciət edərək əfv olunmalarını istəyiblər. Bəxtiyar Quliyev həmçinin “Nida”dan çıxıb və vəkilindən imtina edib.

Şahin Novruzlu 1995-ci ildə Bakıda doğulub. 2012-ci ildən həbs edildiyi 2013-cü ilədək Odlar Yurdu Universitetinin maliyyə fakültəsində təhsil alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol