"Ölkəmiz dəfələrlə narkotik maddələrin qaçaqmalçılığına qarşı birgə mübarizə aparmaq üçün Azərbaycan Respublikasına müraciət edib, lakin hələ də heç bir cavab almayıb."
Gürcüstanda tutulan 3 ton heroin məsələsi İran və Azərbaycan arasında xoşagəlməz söz-söhbətin yaranmasına səbəb olub. Belə ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi Azərbaycan parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun İranı narkotik maddələrin tranzitinə kömək etməkdə ittiham etməsinə etiraz bildirib.
Səfirlikdən musavat.com-a daxil olan açıqlamanın mətnində bildirilir ki, səfir bu ittihamları əsassız sayaraq deyib: Təəssüflər olsun ki, bəzi ünsürlər İranı ittiham etməklə ümumi rəyi çaşdırmaq və diqqəti Azərbaycan Respublikası ərazisindən Gürcüstana narkotik maddələrin tranzid edənlərdən yayındırmaq niyyətindədirlər. İran İslam Respublikası narkotik qaçaqmalçılığı ilə mübarizədə ən bacarıqlı ölkələrdən biridir. Ölkəmiz dəfələrlə narkotik maddələrin Avropa ölkələrinə daşınmasının qarşısını almış və bu yolda çoxlu şəhidlər vermişdir. İran İslam Respublikası bir-neçə dəfə narkotik maddələrin qaçaqmalçılığına qarşı birgə mübarizə aparmaq üçün Azərbaycan Respublikasına müraciət edib, lakin hələ də heç bir cavab almayıb.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidmətini rəhbəri bəyan etdi ki, narkotik maddələrin ticarətinin Əfqanıstandan digər ölkələrə yayılmasının əsas amili Qərb ölkələrinin Əfqanıstandakı səhlənkarlıqlarıdır.
O, əlavə edib ki, Zahid Orucun bu məsələdə İranı ittiham etdiyinə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə etiraz notası təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Parlamentinin üzvü Zahid Oruc “Yeni Musavat” qəzetinə verdiyi bugünki müsahibəsində Azərbaycan Respublikası ərazisindən Gürcüstana keçən narkotik maddələrin tranzit edilməsində İran qurumlarını ittiham etmişdi.


Şərhlər