Daxili İşlər Nazirliyində Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindən irəli gələn və qarsıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Naziryanı geniş əməliyyat müşavirəsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin baş idarə, idarə və şöbə, həmçinin paytaxtın, Sumqayıt şəhərinin və Abşeron rayonunun polis orqanlarının, təhsil müəssisələrinin rəislərinin, nizami hissə komandirlərinin iştirak etdikləri tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin andiçmə mərasimindəki nitqində ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi çatışmazlıqların mövcudluğunu xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.
Qarşıya qoyulan mühüm vəzifələrdən söz açan nazir bu sırada ölkədə vətəndaş məmnunluğunun təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb. R.Usubov bu tapşırığın icrası ilə bağlı polisin qanunla müəyyən edilmiş funksiyalarının hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsini, əməkdaşların etik davranış qaydalarına əməl etmələrini, bu işə nəzarətin gücləndirilməsini, cəmiyyətdə polisin nüfuzunun yüksəldilməsi üzrə işlərin sistemli şəkildə davam etdirilməsini tələb edib.

Tədbirdə qarşıda duran vəzifələrin həllində həmçinin kadrlarla işin nümunəvi təşkilinin böyük əhəmiyyət kəsb etdiyi, son 15 ildə əməkdaşların peşə, fiziki və mənəvi-psixoloji hazırlıqları sahəsində lazımi tədbirlərin ardıcıl olaraq həyata keçirildiyi və bu sahədə müsbət nəticələrin əldə edildiyi iştirakçıların nəzərinə çatdırılıb.
Müzakirələrdə çıxış edən baş idarə, idarə və ərazi polis orqanlarının rəisləri görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə buraxılan bir sıra nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışıblar.


Şərhlər