Menu

Girov götürülən azərbaycanlların müdafiə komitəsi toplandı

17.07.2014, 12:11
Girov götürülən azərbaycanlların müdafiə komitəsi toplandı

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlıların hüquqlarını müdafiə komitəsinin iclası keçirilib.

AzNews.az-ın məlumatına görə, komitənin sədri Elxan Salahov əsir götürülən şəxslərin heç bir cinayət törətmədiyini, yaxınlarının məzarını ziyarət məqsədilə Kəlbəcərə getdiklərini söyləyib.

O deyib ki, soydaşlarımızın hüquqlarının müdafiəsi, baş verənlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onların azad edilməsi üçün hər bir azərbaycanlı əlindən gələni etməlidir.

E. Salahovun sözlərinə göpə, kəlbəcərlilərin doğma bölgələrinə getmələrində qeyri-qanuni heç nə yoxdur: "Bu insanlar heç bir cinayət törətməyiblər, sadəcə yaxınlarının məzarını ziyarət edərkən girov götürülüblər. Əslində bu insanlar qəhrəmandırlar".

E. Salahov bildirib ki, Komitənin 2 əsas məqsədi var: "Birincisi, doğma torpağını ziyarətə getmiş vətəndaşlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsini beynəlxalq ictimaiyyətə çatdırılması, onların tezliklə azad olunması istiqamətində çalışmaq, ikincisi isə baş verənlərlə bağlı Azərbaycan mətbuatında yayılan qeyri-dəqiq məlumatların qarşısını almaqdır. Çünki bu məlumatlar ictimaiyyəti çaşdırır və ermənilərin Azərbaycana qarşı təxribatçı çıxışlarına yol açırlar".

Hərbi ekspert Üzeyir Cəfərov dövlət qurumlarının baş verən hadisəyə reaksiyasının gecikdiyini deyib. Ermənilər isə bundan istifadə edir: "Azərbaycan vətəndaşı düşmən əlinə keçib. Onları ələ verən mobil telefonları olub. Mobil telefon vasitəsilə onların yerini tapıblar. Azərbaycan vətəndaşları öz ərazilərində girov götürülüblər".

Sonda müdafiə komitəsi adından girov götürülmüş vətəndaşlarla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, BMT-yə müraciət olunub. Müraciətdə iyulun 10-da Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun tezliklə azad edilməsi üçün dəstək istənilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol