Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxta külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Quba rayon sakini Xanmurad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, məhkəmə prosesində hal şahidi Asif Məmmədov ifadə verib.
O, ifadəsində X.Babayevin maşınına baxış keçirilən zaman göy rəngli sellofan torbadan narkotik vasitə aşkarlandığını deyib. Təqsirləndirilən şəxs isə hal şahidini orada görmədiyini bildirib.
Hal şahidi qismində dindirilməli olan Süleyman Cəfərov isə məhkəmədə iştirak etməyib. Prosesdə məlum olub ki, hal şahidinin oğlu qətlə yetirildiyi üçün məhkəmə iclasına gəlməyib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək X.Babayevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, X.Babayev Xızı rayon polis şöbəsi əməkdaşları tərəfindən həbs edilib. Onun üzərindən 1 kiloqram 838,2 qram marixuana aşkar edilərək götürülüb.


Şərhlər