İyulun 17-də Bakı Apelyasiya Məhkəməsində ötən ilin sentyabrından həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin şikayəti üzrə məhkəmə prosesi davam etdirilməli idi. Ancaq məhkəmə iclası baş tutmayıb. Buna səbəb isə jurnalistin vəkillərinin məhkəmənin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verməsidir.
Məsələ burasındadır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxılarkən Pərviz Həşimli və onun vəkillərinin vəsatətlərinin heç biri təmin olunmayıb, hərtərəfli araşdırma aparılmayıb. Ona görə də vəkillər Bakı Apelyasiya Məhkəməsində prosesin məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) keçirilməsini istəyirdilər.
Vəkil Elçin Sadıqov “Azadlıq”a açıqlamasında proses qeyri-müəyyən vaxtadək təxirə salındığını bildirib.
Qeyd edək ki, Pərviz Həşimli ötən il sentyabrın 17-də həbs olunub və bu il mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Ona qarşı qanunsuz silah-sursat saxlama, qaçaqmalçılıq kimi ittihamlar irəli sürülüb. Lakin jurnalist ittihamların yalan olduğunu bildirir və həbsinin sırf peşə fəaliyyətilə bağlı olduğunu bəyan edir. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları da da bu qənaətdədir. “Amnesty İnternational” Pərviz Həşimlini “vicdan məhbusu” elan edib.

Şərhlər