Səhiyyə Nazirliyi sosial şəbəkədə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntüyə münasibət bildirib.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.
"Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb", - deyə S. Əhmədova qeyd edib.
Qeyd edək ki, Müğənni Rəqsanənin qızı Aysun İnstagram-da video paylaşıb.
Aysun şəxsi hesabında paylaşıdığı videoya bunları yazıb: “Bu mənzərə ilə artıq bir neçə dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıqlar- geyimlər, yeməklər, şirniyyatlar, qoyun ətləri, bir sözlə hər şey gəlir. Kimə gəlir? Oradakı körpələrə! Amma o uşaqlar bunların 10 faizini görür. Niyə?! Çünki 1 gün sonra o bazarlıqlar maşınlara doldurulur və harasa gedir. Sadəcə mənə bir vətəndaş olaraq çox maraqlıdır… O bazarlıqları siz hara aparırsız? Düşünürəm ki, cavabı hər kəs bilir. Amma yenə də biz soruşaq görək hara gedir? Bəlkə də açıqlaması var”.

Şərhlər