Menu

Hüquq müdafiəçisinin DSX-yə qarşı məhkəməsi başlayır

19.07.2014, 10:17
Hüquq müdafiəçisinin DSX-yə qarşı məhkəməsi başlayır

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının Dövlət Sərhəd Xidmətinə (DSX) qarşı məhkəməsi başlayır. Bu barədə musavat.com-a hüquq müdafiəçisi özü məlumat verib.

O bildirib ki, iyulun 26-da 1 saylı İnzibati İqtisad Məhkəməsində DSX-yə qarşı iddiasına baxılacaq: “Məhkəmə 10.30-da keçiriləcək. Hakim Sevinc Əliyevadır. Mənim hüquqlarını isə İntiqam Əliyev müdafiə edəcək”.

M.Qəhrəmanlının sözlərinə görə, bu il mayın 22-də DSX-nin əməkdaşları onun qızı, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın həyat yoldaşı Eldar Əzizov və övladı Camal Əzizovun Gürcüstana getməsinin qarşısını alıblar: “Dövlət Sərhəd Xidməti onları qanunsuz olaraq saxlayıb. Bizim sorğumuza cavab olaraq bildiriblər ki, məsələ ilə bağlı Respublika Prokurorluğuna müraciət etməliyik. Deməli, Sərhəd Xidməti heç bir məhkəmə qərarı olmadan onları saxlayıb. Məhkəmənin qərarı olmadan DSX ailə üzvlərimin ölkə konstitusiyasının 28-ci maddəsini və ”İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasını pozub. Həmin göndərdikləri məktub da işə əlavə olunub".

Xatırladaq ki, Mətanət Əzizova mayın 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində 4 saata yaxın dindirilib. Mayın 6-da isə onun evində axtarış aparılıb. Mətanət Əzizova həbs təhlükəsi səbəbindən ölkəni tərk edərək, Avropa ölkələrindən birində yerləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol