On gündür polis Bakı şəhərində yerləşən meşəlikdə bir gəncin qəlbini parçalayan cəlladı axtarırdı. Nəhayət, 20 yaşlı ürəyi bıçaqla susduran qatil tapıldı.
Ölümü kimi həyatı da faciəli olan Nurlan Xudiyevi iyulun 10-da Sabunçu rayonu ərazisindəki meşəlikdə öldürüblər. Hərbi xidmətini başa vuran kimi Salyandan paytaxta iş tapmaq üçün gəlmiş N.Xudiyevin meyiti tapılandan sonra onun kim olduğunu müəyyən etmək də böyük çətinliklər yaratmışdı.
Anasını bir müddət əvvəl itirən, atası başqa qadınla evlənən bu gənci əzizi, yaxın kəsi tərəfdən axtarıb maraqlanan olmadığından ölmündən də xəbərsiz idilər. Tək bir qardaşı olan gəncin meyiti bir həftə morqda qaldı. Polis mətbuatda elan verəndən sonra sahibsiz meyitin N.Xudiyevə məxsus olduğu məlum oldu. Bundan sonra qatili tapmaq özünü çox gözlətmədi.
Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməliyyatçıları qətldə şübhəli bilinən şəxsi qısa zmanda tapdılar. Həmin şəxs Nurlanın yaxın adamıdır, dostluqları olub. Bölmədən Milli.Az-a bildirildi ki, istintaq sirri olduğundan həmin şəxsin adı açıqlanmır, hazırda prokurorluqda ifadəsi alınır.


Şərhlər