Rusiyanın Stavrapol vilayətində Azərbaycan vətəndaşı, qanunsuz silah və narkotik dövriyyəsində ittiham olunaraq ötən ilin martında həbs edilən biznesmen Mehman Quliyevin işi üzrə məhkəmə prosesi gedir. Virtualaz.org “Kavkazskiy uzel” portalına istinadla xəbər verir ki, təqsirləndirilən Quliyevin qardaşı bu cinayət işinin qurama olduğunu, Mehmandan istintaqda ifadəni işgəncə altında, toka verməklə aldıqlarını deyib. Məhkəmədə Mehmanın qohumları da iştirak ediblər, ancaq qardaşı Rasimdən başqa onların heç biri cinayət işinə və irəli sürülən ittihamlara dair fikir bildirməyiblər. Çünki “problemlə qarşılaşmaq” istəməyiblər.

Rasimin dediyinə görə Mehmanın işi onların bizneslərini əllərindən almaq üçün saxtalaşdırılıb. Həbsdəki biznesmenin qardaşı iş üzrə hər iki müstəntiqin erməni olduğuna da diqqəti cəlb edib. “Dağlıq Qarabağ problemi Rusiyada yaşayan azərbaycanlılarla ermənilərin münasibətlərinə də təsir edir. Mən hesab edirəm ki, Mehmanın işinə qəsdən erməni müstəntiq cəlb ediblər, hesablayıblar ki, o istintaq üçün şübhə doğuran məqamlarla bağlı dərinə getməyəcək. Amma birinci müstəntiq məsuliyyətli və ağıllı adam idi, ona görə də işi ikinci müstəntiqə-yenə də erməniyə verdilər”-Rasim Quliyev deyir.
Məhkəmədə vəkil deyib ki, müdafiə etdiyi şəxs rus dilini pis bilir və onun adından yazılan ifadəyə məcburi qol çəkib. Çünki Quliyevə işgəncə veriblər, onun hər iki əlinin barmaqlarında toka verilmənin izləri var. Məhkəmədə prokuror bu xəsarət izlərinin həqiqətən işgəncə nəticəsində yarandığını dəqiqləşdirmək üçün təkrar ekspertiza barədə vəsadət qaldırıb.
Mehman Quliyev özü isə məhkəmədə əllərinin barmaqlarında, boynunda və çənəsində toka verilmə nəticəsində yaranan xəsarət izlərini göstərib: “Toka qoşanda az qala tavana qədər sıçradım”.

O bildirir ki, təzyiqlər nəticəsində biznesi əlindən çıxıb, hazırda Rasim Mehmanın Azərbaycanda yaşayan ailəsinin, həm də öz ailəsinin qayğısına qalmağa məcburdur. Mehmanın Azərbaycanda arvadı və üç azyaşlı uşağı yaşayır.
Biznesmen Mehman Quliyev ötən il martın 7-də Stavrapolda OMON-un iştirakı ilə həbs edilib. Istintaqın versiyasına görə onun avtomobilindən narkotik və patronlar aşkar olunub.


Şərhlər