«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp çərşənbə günü, Kim Çen Inla Sinqapurdakı görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə sülh müqaviləsinin müzakirə olunmasında Pekin və Seulun iştirak edəcəyinə ümid bəsləyir.
«Mən istərdim ki, onlar iştirak etsinlər. Bunun hüquqi baxımdan nə qədər qanuni olub-olmadığı məni narahat etmir. Ancaq mən hesab edirəm ki, Çinin də, Cənubi Koreyanın da buna cəlb edilməsi lap əla olardı» - Tramp bildirib.
1950-1953-cü illərin Koreya müharibəsi barışıq haqda müqavilənin imzalanması ilə başa çatıb. O zaman Cənubi Koreya sazişi imzalamaqdan imtina edib, Çin tərəfdən isə formal olaraq, «xalq könüllüləri» vuruşublar.
Tarixdə ilk ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda baş tutub. Dövlət başçılarının görüşü Sentos adasında, «Kapella» otelində keçirilib. Görüşün yekunlarına görə, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Koreya yarımadasının denuklearizasiyası prosesi «çox tezliklə» başlanacaq. Kim Çen In isə öz növbəsində, sammitin yekun sənədinin imzalanmasını iki ölkə arasındakı münasibətlərdə «yeni start» adlandırıb və gələcəkdə «böyük dəyişikliklər» olacağını vəd edib.
Sənədə əsasən, ABŞ KXDR-nın təhlükəsizliyinə zəmanət öhdəliyi götürüb, Pxenyan isə öz növbəsində, Koreya yarımadasının tam denuklearizasiyasına ciddi şəkildə sadiq olduğunu təsdiqləyib.
Başqa bir xəbərə görə, ABŞ Prezidenti Doald Tramp bəyan edib ki, Kim Çen Inla bir görüş də lazım gələcək. «Hər şeydən əvvəl, daha bir görüş də lazım gələcək» - deyə, Tramp jurnaistlərə bəyan edib.


Şərhlər