PROKURORLUQ İŞÇİLƏRİNİN FƏDAKARLIĞI

Azərbaycan prokurorluğu - 100

Ələmdar MƏMMƏDOV, keçmiş prokuror

1992-ci ilin aprel ayının əvvəllərində Zaqatala rayon prokuroru kimi vəzifəmin icrasına başlayıb, bir neçə gündən sonra məzuniyyətə çıxıb Moskva şəhərinə getdim. 14 aprel 1992-ci ildə saat 9:00 radələrində prokuror əvəzi Tələt Qarayevə Moskvadan zəng edərkən o, mənə aşağıdakıları bildirdi: “Zaqatala Rayon Prokurorluğunun müstəntiqi Afər Nəsirova dostları tərəfindən məlumat verilir ki, milis rəisi rayon rəhbərliyinin dəstəyi ilə bu gecə 4 sistern maşında təxminən 30 ton yanacağı Zaqatala-Muğanlı yolu ilə Gürcüstan respublikasına keçirəcəklər”.

Afər Nəsirov Tələt Qarayevi bu barədə məlumatlandırır. Tələt Qarayev və Afər Nəsirov yüksək vətənpərvərlik və vətəndaşlıq mövqeyi göstərərək, vicdanlı milis işçiləri - müstəntiq Şahin Əliyev, DAM-nin rəisi Elman Bayramov və mühafizə bölməsinin rəisi Farizlə birlikdə, bu iyrənc cinayətin qarşısını almağı qərarlaşdırıb, 13 aprel 1992-ci il tarixdə gecə Zaqatala-Muğanlı yolunda pusqu qururlar. Saat 02:00 radələrində maşın karvanı görünür. Sürücülər ilkin tələbə tabe olmayaraq, yollarına davam edirlər. Müstəntiq Afər Nəsirov maşın karvanının qarşısına keçərək, xidməti silahdan bir neçə dəfə atəş açmaqla, onları saxlayır. Sürücüləri maşınlarla birlikdə rayon prokurorluğuna gətirirlər. 4 maşında 27 ton benzin və dizel yanacağı var idi. Dərhal CM-nin 88-1 maddəsi ilə (xüsusilə külli miqdarda talama) cinayət işi başlanılır (Ehtimal olunurdu ki, yanacaq Zaqatala neft bazasından götürülmüşdür). İlkin istintaq hərəkətləri aparılır. Milis rəisinin dəstəyi ilə şübhəli şəxslər qaçıb gizlənirlər…

Doğrudan da çətin vəziyyət idi. Maşınları məlum səbəbdən milis şöbəsinə aparmaq olmazdı. Prokurorluğun açıq həyətində saxlamaq da təhlükəli idi. Maşınları uzaq məsafədən gülləbaran edə bilərdilər. Mən Tələt müəllimə məsləhət bildim ki, kütləvi informasiya vasitələrinə müraciət edib, baş vermiş hadisəni ictimailəşdirsinlər (Təxminən bir ay sonra tanınmış jurnalist Qafar Cəbiyev bu hadisə ilə əlaqədar “Azərbaycan” qəzetində böyük yazı dərc etdirdi). Fədakar prokurorluq işçiləri Tələt Qarayev və Afər Nəsirov, vicdanlı milis işçiləri və könüllülərin dəstəyi ilə beş gün prokurorluğun binasında növbə çəkirlər. Mən prokurorluq işçilərinin hərəkətini ona görə “fədakarlıq” adlandırıram ki, biz 70 illik sovet cəmiyyətinin qanunları ilə işləyirdik. Leninin təbirincə desək, prokurorun heç bir inzibati səlahiyyəti yox idi. Onun yeganə vəzifəsi qanunların düzgün icra olunmasına nəzarəti həyata keçirmək idi. Tələt Qarayev və Afər Nəsirovun əməliyyatçı kimi pusqu qurması, Afərin atəş açması, maşın karvanını saxlaması, əslində qanundan kənara çəkilmə idi. Orada hər hansı xoşagəlməz hadisə - qarşı tərəfin atəş açması, kiminsə xəsarət alması və.s. baş versəydi, prokurorluq işçilərindən səlahiyyətinə aid olmayan iş görmələri soruşulacaqdı. Lakin onlar uca ədalət naminə hər cür riski gözləri önünə alaraq, bu addımı atmışdılar.

Haşiyə: Prokurorluq işçilərinin vəzifəsinə uyğun olmayan fədakarlığından çox danışmaq olar. Bir neçə hadisəni nəql etmək istəyirəm. 1987-ci ildə Masallı rayonun kəndlərinin birində ağır cinayət törətmiş şübhəli şəxs qoşalülə öv tüfəngi və xəncərlə silahlanaraq, həyətindəki quyuda gizlənib, hadisə yerinə gələnləri atəş açmaqla təhdid edirdi. Hadisə yerində olan prokurorluğun müstəntiqi Şaməddin Nəsibov təkbaşına həmin adama yaxınlaşıb xeyli söhbət edir, hətta yemək gətizdirib onunla badələşir. İki saat davam edən bu fədakarlıqdan sonra şübhəli şəxs odlu və soyuq silahı Şaməddinə təhvil verir və təslim olur. Hadisə yerində olmuş milis işçilərinin bir neçəsi təhlükəli cinayətkarı yaxaladıqlarına görə mükafatlandırıldılar. Şaməddin Nəsibov isə yada düşmədi…

1993-cü ildə Balakən rayon prokuroru Yusif Xəlilov ağır cinayət törətmiş iki nəfər şəxsi yaxalamaq üçün milis işçiləri ilə birlikdə onların gizləndiyi məkana gəlir. Cinayət törətmiş şəxslərlə söhbət etmək üçün yaxınlaşarkən, qarşı tərəfdən onlara atəş açılır. O, yerə yataraq sürünə-sürünə bir çökəkliyə çatıb, hava qaralana qədər gözləməli olur. Dörd saat davam edən atışmanın arasında qalır. Hətta, yüngülvari yaralanır.

1994-cü ildə Masallı RPŞ-nə məlumat daxil olur ki, Lerik rayonunun Vamazqon kəndi ərazisində, müəyyən hissəsi Masallı rayonu ərazisinə düşən meşə zolağında becərilməsi qadağan edilən tiryək xaşxaşını və çətənəni əkib, becərirlər. Polis rəisi Adil Həsənov rayon prokuroru Mircavan Kazımovu bu barədə məlumatlandırır. Tərtib edilmiş əməliyyat planına uyğun olaraq, polis işçiləri məlumatın düzgünlüyünü yoxlamaq üçün, əraziyə baxış keçirərkən rayon prokuroru M.Kazımov da onlara qoşulur. Əməliyyat qrupu geniş ərazidə salınıb, becərilmiş plantasiyaya yaxınlaşarkən, uzaq məsafədən onlara avtomat silahlardan atəş açırlır. Təhlükəyə baxmayaraq polis işçiləri 49 ton ağırlığında minlərlə çətənə kolunu çətinliklə də olsa kökündən çıxararaq, plantasiyanı məhv edirlər. Fakta görə başlanmış cinayət işi üzrə Prokuror Mircavan Kazımov 11 nəfərin həbsini sanksiyalaşdırır. Sonradan müəyyən qüvvələrin himayədarlığı ilə “səlahiyyət həddini aşan” hüquq-mühafizə orqan işçilərinin haqqında da cinayət təqibi başlanır və hətta bir nəfər polis işçisi 20 gün müddətində həbs olunur. İki ilə yaxın davam edən üzücü istintaqı əqidəli prokurorluq işçisi kimi tanınan Kamran Əliyev yekunlaşdırır və ədalət qalib gəlir.

2001-ci ildə Zaqatala rayonunda bir neçə ağır cinayət törətmiş İlham Bakkayev polis işçiləri ilə atışma zamanı yaralanır və qaçıb gizlənə bilir. İ.Bakkayevin haqqında hər gün kütləvi informasiya vasitələrində, o cümlədən, televiziya kanallarında məlumatlar verilirdi. Bakıdan İ.Bakkayevi zərərsizləşdirmək üçün göndərilmiş xüsusi əməliyyat qrupu onu axtarıb tapa bilmir. Oğlunun yerini öyrənmək üçün İlhamın atasını polis şöbəsinə gətirirlər. Rayon prokuroru Abdulla Yusifov qan tökülməsinin qarşısını almaq məqsədi ilə yaşlı kişi ilə söhbət edib, onu başa salır və həyatını təhlükə altına qoyaraq maşına oturub onunla İlhamın gizləndiyi yerə gəlir. Abdulla Yusifov yaralı vəziyyətdə olan gözlərini qan örtmüş qatı cinayətkarla xeyli müddət təkbətək söhbət edib, qaçıb gizlənməyin və müqavimətin mənasız olmasını başa salır və təhlükəli cinayətkarı prokurorluğun xidməti maşınında polis şöbəsinə gətirir…

Mən məzuniyyətimi yarımçıq qoyub, 20 aprel 1992-ci ildə rayona gələndə milis rəisi və rayon rəhbərliyinin səyi nəticəsində - prokuror və müstəntiqin işdə şahid olması motivi ilə cinayət işini Respublika Prokurorluğu öz icraatına götürərək, istintaqın aparılmasını mühüm işlər üzrə müstəntiqə tapşırmışdı. Müstəntiq işi xeyli ləngitdi. Nəhayət, 1992-ci ilin iyul ayında qəbul edilmiş “amnistiya aktına” əsasən işin CM-nin 88-1 maddəsi ilə olan hissəsi xitam edildi (Yanacağın dəyəri 45 000 manat qiymətləndirilmiş və ziyan ödənmişdi). Bir nəfər şəxs CM-nin 220-ci maddəsi ilə (odlu silah gəzdirmə və saxlama) müqəssir qismində cəlb edilərək məhkəməyə verildi. Bu hadisə layiqli hüquqi nəticəsini almasa da, (milis rəisi və rayon rəhbərliyi sudan quru çıxdılar) gələcəkdə yanacağın Gürcüstan respublikasına daşınmasına qarşı qətiyyətli mübarizənin əsasını qoydu.

P.S. Hörmətli həmkarlar! Bu yazıda prokurorluq işçilərinin fədakar əməyinin mənə bəlli olan cüzi bir hissəsi qeyd olunub. Bir neçə aydan sonra Azərbaycan prokurorluğunun 100 yaşı tamam olur. Məlumdur ki, ictimai-siyasi həyatın ən kəskin və ziddiyətli məsələləri hüquq-mühafizə orqanlarında, o cümlədən, nəzarət fəaliyyətinə görə digərlərindən fərqlənən prokurorluqda həll olunur. Odur ki, bu yubiley münasibəti ilə gördüyünüz, bildiyiniz, iştirakçısı olduğunuz hadisələrdən yazın! Yazın ki, Azərbaycan cəmiyyəti prokurorluğu layiq olduğu kimi tanısın, Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, inansın, güvənsin və arxalansın. Axı, “Mehman”-lar bütün zamanlarda olub, var və olacaqdır.

635x100

Şərhlər

Nesirova 2018-06-20 13:06:11

size sonsuz minnetdarligımı bildirirem atam haqda realliqlari qeleme aldıgınızcun. onun hrqiqetende işlediyi dovrde ne qeder duzgun ve edaletli olmasa bizi ovladlarını her daim bası uca edir. islediyi bolgelerin ehalisi terefinden hal hazırdada sevilmesi ve insanların bizim onun ovladları oldugumuzu bilende bizede onun qeder hormet beslemeleri mene gore atamin bize qoydugu en boyuk servetdır. Ve atamdan sizinle calısan aile dostlarımızdan her daimsizin adınızı fexrle esitmisik. sadamki sizler varsiniz!

Ələmdar Məmmədov 2018-06-20 13:06:11

Hörmətli Ramiz müəllim,ölmüş və yaxud cəmiyyətdə nüfuz sahibi olmayan adamı pisləməkdən asan nə var ki?Odur ki,"ehtiyatlılıq"barədə iradınızı qəbul etmirəm.

Amin 2018-06-20 13:06:11

Prokurorluq insanların ümüd yüri olub.Əvvəllər soruşanda uşağın harada oxuyur-deyirdilər prokurorluqda.

afer nasirov 2018-06-20 13:06:11

hormetli menim prokurorum ve muellimim alamdar muellim herzaman olduqu kimi edaletli movqejinizi bir daha sabiq emekdaslarinizin xidmetlerini juksek qijmetlendirmekle bildirerek isiqlandirdiqiniza qore size xususi tesekkurumu bildirirem qoj uca allah sizi daim qorusun sizin kimi kisilere cemijjetimizin bojuk ehtijaci vardir hormetle sabiq mustentiqiniz a

Ramiz Nağıyev 2018-06-20 13:06:11

Yazdıqlarınız təqdirəlayiqdir və həqiqətəndə qanunların icrasına nəzarət xidməti əməkdaşlarının fədakarlıqları hazırkı nəslə örnək olmalıdır! Amma, xatirinizə dəy- məsin; təqaüddəsiniz, çəkinəcək nəyiniz var? Hansı səbəbdən uzun illər öncəki hadisələri ehtiyatla, adları çəkmədən, ad göstəriləndə də yalnız fədakarlıq edənləri qeyd etməklə xatırlayırsınız! Yazın görək, rayon rəhbəri, polis rəisi kim idi, kimlər obyektiv istintaqa maneçilik edirdilər, və s. və i.a!

Son yazılar