GÖMRÜK GENERALLARININ CİNAYƏT İŞİNDƏ YENİLİK - Kimlər həbs olundu, kimlər bəraət aldı...

Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşasından sonra başlanan cinayət işinin istintaqında bəzi yeniliklər olub. Bu barədə "AzPolitika.info" ya məlumatlı mənbə xəbər verib.

Belə ki, saytımıza daxil olan məlumata görə, istintaq Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük general-mayoru Sadiq Abduyevin, eləcədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovun məsuliyyətə cəlb olunması üçün əsasların olmadığı qənaətinə gəlib. Ümumiyətlə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsindəm yalnız 1 nəfərə qarşı ittiham irəli sürülüb. Ona da 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunub.

Ancaq Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin 6 əməkdaşı məsuliyyətə cəlb edilib. İdarənin rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyev də ittiham olunanlar arasındadır. 

Qeyd edək ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyinin və əməkdaşlarının məsuliyyətdən kənarda saxlanılmasını istintaqa təzyiqlərlə əlaqələndirənlər də var. Ancaq bu iddiaların doğru olmadığı, dərmanların Tibbi Xidmət İdarəsinin rəyi əsasında ölkəyə buraxıldığı da bildirilir. Hazırda araşdırmalar davam etdirilir, istintaqa cəlb olunan şəxslərin söylədikləri protokollaşdırılır, sahid ifadələri, sübut və dəlillər toplanılmaqdadır. Belə xəbərlər də var ki, istintaq ilkin mərhələdə “dərman mafiya”sına bu və ya başqa şəkildə bağlılığı olan vəzifə sahiblərindən kənar keçsə də, sona qədər belə mövqe sərgilənməyəcək. Məsələnin ən yüksək səviyyədə nəzarətə alındığı, işdə əli olan hər kəsin cəzalandırılacağı bildirilir.

Xatırladaq ki, bu ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ölkədə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində geniş miqyaslı əməliyyatlar həyata keçirilib. Əvvəlcə Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək, qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib. Beş vəzifəli şəxs həbs olunub.

Sonra “dərman mafiyası”na qarşı əməliyyatlar Dövlət Gömrük Komitəsində davam etdirilib. Aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası”nın üzvləri ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Əməliyyatdan sonra həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülüb.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Rəsmi məlumatdan belə məlum olur ki, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur və Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar