Azərbaycanın keçmiş energetika naziri, mərhum Natiq Əliyevin adını daşıyan və “Palmali” şirkətinə məxsus “Natiq Əliyev” tankeri heyət üzvləri ilə birlikdə aylardır Danimarkanın Aalbek körfəzində girov saxlanılır. Virtualaz.org Danimarkanın “TV2” telekanalına istinadən xəbər verir ki, “Palmali” şirkətinin banka olan borclarını ödəməməsi üzündən “Natiq Əliyev” tankerinə 4 ay yarım əvvəl Fogedretten limanında həbs qoyulub.
Məlum olub ki, “Palmali” şirkətinin tankerin 19 nəfərlik heyət üzvlərinə də maaş borcu var. Heyət üzvləri aylardır maaşlarını ala bilmir. Hazırda Danimarkanın Dəniz Administrasiyası və nəqliyyat işçilərinin Beynəlxalq Həmkarlar İttifaqı Aalbek körfəzində girov qalmış dənizçilərə kömək etməyə çalışırlar.

Nəqliyyat işçilərinin Beynəlxalq Həmkarlar İttifaqından (İTF) Martin Bax bildirir ki, dənizçi üçün lövbər salmaq və qeyri-müəyyən, çıxış yolu görünməyən vəziyyətdə gözləmək həmişə çətindir. “Bu səbəbdən biz heyətlə əlaqə saxladıq, amma üç həftə ərzində onlardan cavab ala bilmədik”-o deyir.
“Natiq Əliyev” tankerinin 19 nəfərlik heyət üzvü mart ayından gəmidədir. Onlar tanker Aalbek körfəzində saxlanılarkən həmin vaxt gəmidə olan heyət üzvlərini əvəz ediblər. Danimarkanın Dəniz Administrasiyasından Martin Con deyir ki, heyət üzvləri aylardır maaş almır. “Biz nəzərə almalıyıq ki, bu dənizçilər maaşlarının böyük hissəsini vətənlərində ailələrinə göndərirlər, ona görə də onların yaşamaq üçün vəsaitləri olmalıdır”-o deyib.

virtualaz.org bu ilin aprelində xəbər vermişdi ki, "Natiq Əliyev" tankerinə Rusiyanın “Lukoil” şirkətinin törəmə şirkəti olan “Litasco”nun tələbi ilə həbs qoyulub. Həmin şirkətin tələbi əsasında "Palmali"nin "Bozdağ" tankeri isə Estoniya limanlarından birində saxlanılıb.


Şərhlər
.... onu çökdürməyincə əl çəkəsi deyildirlər. Onlardakı kinin yanında dəvə kini uşaq oyuncağı sayılır və irsən keçmişdir. ... Yaxşılıq deyil ki, əllərindən gəlsin. 5-6 milyon azərbaycanlını bi ovuc girinc qoyub.