5 MİLYARD TALANIB, 2 MİLYARD BORC YARANIB! -  "Azərenerji”nin gəliri artdıqca zərəri çoxalır!?

"Problemlərin olduğunu bilə-bilə bunu ölkə rəhbərliyindən gizlətmək cinayətdir"

Necə olur ki, bir elektrik stansiyasında qəza baş verən kimi az qala bütün ölkə, 39 rayon və şəhər qaranlığa bürünür? Ölkənin işığı elə bir elektrik düyməsinə bənddirmi? "Azərenerji"nin saytındakı məlumatdan görünür ki, Naxçıvan da daxil olmaqla, Azərbaycanda 32 obyektdə elektrik istehsal olunur. Yəni, Mingəçevir elektrik istehsal olunan yeganə yer deyil. Bəs onda niyə ölkədə ENERJİ FƏLAKƏTİ yaşandı. Həm rəsmi açıqlamalardan, həm də iqtisadçı ekspertlərin fikirlərindən belə məlum olur ki, bunun bir səbəbi var: KORRUPSİYA!

"Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin"

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də dünən ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə  "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin Mingəçevir İES-də baş vermiş qəzanın səbəbləri ilə bağlı dediklərini qəbul etmədi. Pirverdiyevin qəzanın səbəblərini havaların isti keçməsi ilə bağlamasının bəhanə olduğunu bildirdi: "Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi - bu, yumşaq desək böyük səhvdir. Bizim indi kifayət qədər enerji gücümüz var. Mən giriş sözümdə bunu qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılmışdır. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə, isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb. Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib".

Prezident son 15 ildə bu sahəyə böyük investisiya ayrılmasına baxmayaraq, indiyə kimi dayanıqlı enerji sisteminin qurulmamasının səbəbini izah etməyi tələb edib: "Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət İnvestisiya Proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. İndi “Şimal-2” elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilmişdir. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən".

Göründüyü kimi, Prezident dolayısıyla ayrlan vəsaitin təyinatı üzrə xərclənmədiyinə işarə vurub və komissiyaya bunu araşdırıb ortaya çıxarmağı tapşırıb. Ancaq mətbuatda uzun illər boyu yazılanlar səbəbin "Azərenerji” ASC-dəki korrupsiya olduğuna şübhə yeri qoymur. Bunu iqtisadçı ekspertlərin açıqlamaları da təsdiqləyir.

 "Büdcədən böyük həcmdə maliyyə dəstəyi alsa da, ən borclu təşkilatlar siyahısındadır"

"Mingəçevirdəki "Azərbaycan İES”-da baş verən hadisə həmçinin "Azərenerji” ASC-nin statusunun dəyişdirilməsi və çevik idarəetmə mexanizminin formalaşdırılmasını da aktuallaşdırır. 2017-ci ildə "Azərenerji” enerji satışından 1 milyard manatdan artıq gəlir əldə edib. Bu o deməkdir ki, vətəndaşlar və eləcə də iş adamları sözügedən quruma il ərzində belə böyük məbləğdə ödəniş ediblər” - iqtisadçı Vüqar Bayramov yazır.

O, bildirib ki, qurumun enerji satışından əldə etdiyi gəlirinin yalnız ötən il 25.2 faiz artmasına baxmayaraq, "Azərenerji”nin zərəri 602,873 milyon manat olub. Halbuki, 2016-ci ildə adıçəkilən cəmiyyətin zərəri cəmi 108,928 milyon manat idi. "Maraqlıdır ki, 2016-cı ildə "Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəliri 807 milyon manat olub. Yəni, 2017-ci ildə "Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəlirinin əvvəlki illə nisbətən 200 milyon manata yaxın artmasına baxmayaraq, qurumun zərəri ötən il 6 dəfə çoxalıb”.

V.Bayramov qeyd edib ki, "Azərenerji” ASC eyni zamanda ən çox xarici borcu olan səhmdar Cəmiyyətlərdəndir: "Cəmiyyətin hazırda 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var. Bununla yanaşı, ticarət və digər kredit borcları üzrə öhdəliyi də 470 milyon manatdan çoxdur. Bütövlükdə isə cəmi kapitalı 1 milyard manatdan bir az atıq olan "Azərenerji”nin yığılmış zərəri 2 milyard 123 milyon manata çatıb".

İqtisadçı bildirib ki, bundan başqa sözügedən qurum dövlətdən ən çox maliyyə dəstəyi alan təşkilatlardandır. 2018-ci ilin dövlət büdcəsinə dəyişiklər edilərkən "Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 meqavatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın "Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün 81.4 milyon manat vəsait ayrılıb.

Dövlət Neft Şirkəti tərəfindən idxal olunan təbii qazın "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 300 milyon manat subsidiya olmaqla, vəsait ayrılıb: "Göründüyü kimi, "Azərenerji” ASC-yə böyük həcmdə maliyyə dəstəyinin olmasına baxmayaraq, qurum ən borclu təşkilatlar siyahısındadır və son 2 gündə baş verənlər də göstərir ki, elektrik sistemində modernləşdirmə problemi var. Buna görə də, sözügedən qurumun sağlamlaşdırılması ilə yanaşı bu sektorda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ciddi ehtiyac var.”

"5 ildə bu sahəyə 5 milyard manat yatırılıb, ancaq..."

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azadlıq Radiosuna deyib ki, 2005-2015-ci illərdə elektrik enerjisi infrastukturunun qurulmasına, azı 10 modul stansiyanın tikilməsinə 1 milyard manatdan çox pul ayrılıb, ümumilikdə isə son 15 ildə bu sahəyə 5 milyard manat yatırılıb.

"Bu pulların necə xərclənməsi, nəticədə camaatın niyə qaranlıqda qalması elə 2 gün əvvəlki Bakı gecəsi qədər qaranlıqdır. 18 ildir ”Azərenerji”yə daxil ola bilmirəm. Etibar Pirverdiyev gələndən "Azərenerji"də dialoq olduğunu, kiminləsə müzakirə aparıldığını xatırlamıram. Ona görə də, mənə çətindir cavab vermək ki, bütün bunlar hansı səbəbdən baş verir”.

Onun sözlərinə görə, ölkədə elektrik istehsalı çox olsa da, enerji düzgün paylanmır və əsas problem də elə budur. İlham Şaban deyir ki, Azərbaycan üzrə gücün 46 faizi Abşeronda toplanıb, bununla belə, Mingəçevirdə qəza olanda Bakıda işıq sönür. Onun sözlərinə görə, indiyə qədər ayrılan pula çoxdan avtomatik idarəetmə infrastrukturu yaradılmalı idi: “Bu sistem müəyyənləşdirir ki, harda güc çatmır və balans yaradır”.

O qeyd edib ki, Azərbaycanda kifayət qədər enerji mənbələri var: “Sadəcə, ötən əsrin ortalarında ölkənin elektrik enerjisi ilə təminatı Mingəçevirdən asılı idi. Üstündən 65 il keçməsinə baxmayaraq, “Azərenerji” hələ də ölkəni Mingəçevir İES-dən asılı halda saxlayıb.

Nəqletmə sayəsində enerjinin paylanması məsələsində çox böyük qüsurlar var. Burada söhbət paylayıcı şəbəkələrdən yox, məhz qəza vəziyyətlərində elektrik enerjisinin istehsalını bir nöqtədən digər elektrik stansiyası vasitəsilə yönəldilməsindən gedir”.

Ekspertin sözlərinə görə, ölkəmizdə son illər ciddi elekrik mənbələri yaradılıb: “Abşeron yarımadasında 1400 meqavoltluq , Şirvanda 800 meqavoltluq, Sumqayıtda 525 meqavoltluq, Səngəçalda 300 meqavoltluq, Şüvəlanda 400 meqavoltluq elektrik stansiyaları olduğu halda istifadə edilmir. Mingəçevir İES-də problem yarana bilər. Bəs nəyə görə digər şəbəkələr indiyədək sistemə qoşulmayıb? Əgər bunu bacarmırlarsa, hökumətə açıq şəkildə desinlər ki, bacarmırıq, hökumət də xaricdən mütəxəssislər dəvət edib, problemi həll etsin”.

İ.Şaban ölkə ərazisində elektrik enerjisinin kəsilməsinin Azərbaycan sənayesinə ziyan vurduğunu bildirib: “Sumqayıtın lokomotivi olan kimya sənayesi elektrik enerjisinin ölkə ərazisində kəsilməsi nəticəsində dayanıb. O cümlədən, qurudakı neft səneyesi də dayanıb. Şükür ki, bizim neft sənayemizin əsas hasilatı dənizdə gedir və onların öz enerji mənbələri var. Bundan əlavə, neftayırma zavodunda da qurğular dayanıb, ölkənin su təsərrüfatına xeyli ziyan dəyib. Nasos stansiyaları işləmədiyindən istehlakçıların fasiləsiz su təminatı pozulub.

Söhbət “Azərenerji”dəki idarəçilikdən gedir. Problemlərin olduğunu bilə-bilə bunu hökumətdən, ölkə rəhbərliyindən gizlətmək cinayətdir. 2002-ci ilin iyulunda da belə bir hadisə baş vermişdi. Ötən 16 il ərzində heç bir yenilik əldə olunmayıb”.

ReAl partiyasının Ali Məclisinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, bütün ölkədə elektrik təchizatının kəsilməsi hər şeydən əvvəl təhlükəsizlik məsələsidir: “Müharibə şəraitində olan ölkə üçün bu, kifayət qədər suallar doğuran məsələdir”.

 "Azərenerji"nin borcları hər adama 263 manat 26 qəpik təşkil edir 

İqtisadçı alim Qubad İbadoğlu da "Azərenerji”nin  fəaliyyətinin araşdırılmasına ehtiyac olduğunu bildirib: "Azərbaycanda işıqların sönməsi ilə ölkənin qaranlğa büründüyü vaxtda qərara gəldim ki, "Azərenerji” Açiq səhmdar Cəmiyyətinin (ASC) maliyyə fəaliyyətini xarakterizə edən bəzi göstəriciləri işıqlandırım ki, oxucular da bilsinlər ki, baş verənlərin əsas səbəbi nədir.

31 dekabr 2017-ci il tarixinə bitən il üzrə konsolidə edilmiş Maliyyə Hesabatlarında göstərilir ki, "Azərenerji” ASC 2017-ci ildə satışdan 1 milyard 10 milyon 137 min manat gəlir əldə edib ki, bu da ondan əvvəlki ilə nisbətən 203 milyon manat çoxdur. Göründüyü kimi, elektrik enerjisinin tariflərinin artımı, eləcə də ödənişlərin tam və vaxtında həyata keçirilməsi hesabına Azərbaycanda elektrik enerjisinin istehsalı, ötürülməsi və dispetçer idarəetməsini həyata keçirən şirkət ötən il 136,4 milyon manat əməliyyat mənfəəti əldə edib.

Hesabat dövründə şirkətin cəmi uzunmüddətli öhdəlikləri 1,778 milyon manat, cəmi qısamüddətli öhdəlikləri 854,45 milyon manat olub. Beləliklə, 31 dekabr 2017-ci il tarixinə bu şirkətin cəmi öhdəlikləri 2 milyard 632 milyon 686 min manat təşkil edib. Bu öhdəliklərin 92 faizə qədəri kreditlər, ticarət və digər kreditor borcları və borc vəsaitləri hesabına formalaşıb. Deməli, ötən il adambaşına orta hesabla 101 manat 3 qəpik vəsait yığan şirkətin borcları hər adama 263 manat 26 qəpik təşkil edir. Sizcə, daim dövlətin maliyyə qayğısı ilə bəslənən, büdcə subsidiyasından daimi bəhrələnən, lakin belə pis idarə olunan şirkətdən nə gözləmək olar?"

Elman İsmayıllı

AzPolitika.info

635x100

Şərhlər

Cəlal 2018-07-06 16:25:33

Nazirlik,Komitə və Icra Hakimiyyətlərində rüşvət,büdcə talanı,rüşvət halları açılır,hətta mətbuatda yayılır,amma sona yetişdirilmir.Niyə? Buradan belə rəy yaranır ki, nəzaret edən məmurlar bunu bilir,onlara icazə verilibdir.Bunu necə normal saymaq olar? Bir şəxs ac olduqda marketdən 5 manatlıq oğurluq etsə onu tutub həbsə atırlar.Bəs bütün ölkəyə bəlli olan bu boyda oğurluq və yeyinti necə cavabsız buraxılır.Həmin adamlar sərbəst gəzirlər......

Pensiyaçı 2018-07-06 16:25:33

Kasıbları,pensiyaçıları cmart sayqaca bağlayıb,aldıqları cüzi vəsaiti adi,dəfələrlə ucuz başa gələn enerji ödəmələrinə məcbur etmək,çoxunun günlərlə qaranlıqda yaşamasına səbəb olaraq milyardlarla vəsaiti mənimsəmək ölkədə humanistliyin , hesabatın və nəzarətin yuxarı instansiyalarda düzgün təşkil olunmadığını və ya heç olmadığını təsdiq etmirmi?Beləmi demokratiya olur? Bu ki,soyğunçuluq siyasətidir. Normal ölkələrdə az təminatlı ailələrə kommunal və nəqliyyat sahələrində güzəştlər tətbiq edilir.Bəs bizdə?

Cavid 2018-07-06 16:25:33

Bu talançılığın əsas səbəbi və mərkəzi məmurların seçmə və işləmə prinsipidir.Yülsək postlara nəyinsə hesabına təyin olunan YAP üzvləri nəzarətdən uzaq buraxılır,illərlə nəzarət edilmir.Bunun məqsədli olduğu ehtimalı çox yüksəkdir.Hansı nazirliyi yoxlasalar 2-5-10 milyard ( bu məbləğ illərin oğurluğu nəticəsidir) oğurlanma ortaya çıxır.Bunu pabitə.nəqliyyat,vergi,kənd təsərrüfatı,indi də Enerjidə ortaya çıxıb.Bəs belə idarəçilik Nazirlər Kabinetinə şərəf verirmi?Hanı bu ölkədə nəzarət?

hespe 2018-07-06 16:25:33

Cox maraglidir, bu mashtabda talan hökuməti niye narahat etmir?...

hərbi pensiyaçı 2018-07-06 16:25:33

Möhtərəm cənab Prezident! Sizdən xahiş edirəm hesablama palatası və maliyyə nazirliyi bu 15 ildə "Azərenerji"də neçə dəfə audit aparıblar və onların nəticələri nə olub onu bir daha yoxlatdırasınız və Sizin ayırdığınız pulların hara getdiyinin 90%-nə cavab tapılacaq.

R-n 2018-07-06 16:25:33

Bu hele ishleyirse,turmede deyilse,demeli qanunlar işləmir...

Energetik 2018-07-06 16:25:33

Hörm. adm.Azpolitika xahiş edirəm mənim şərhimi təkrar verin.Xalq da,komissiya üzvləri də bilsin.Düzdür E.Pirverdiyev hadisələrə görə məsuliyyət daşıyır.Amma əsas günahkar o deyil.Yeni stansiyaların mükəmməl,tam qanuna uyğun,möhtəşəm tikintilərinə əvvəldən axıra özü nəzarət edirdi. Lakin sonrakı dövrlərdə ona görünür maneçilik etdilər (yuxarılar).Nəticədə həmin stansiyalar da dar məqamda kömək edə bilmədi.Çünki səbəbin izahatına qulaq asan olmayıb.Cərəyan transfor-na cərəyan acarı deyən komis.üzvü nə bilir

antiAbu 2018-07-06 16:25:33

Etibarın ətrafındakılar, yəni onunla birlukdə çapıb-talayanlar kimlərdir? 90-cı illərdə Azərbaycanla Rusiya arasında gərginlik yaratmaq istəyənlər... Minlərlə ləzgi Qarabağda Azərbaycan uğrunda canını qurban verib. Bu cür şəxslərin qohum-əqrabası Etibarın yanında yoxdur və ola da bilməz! Ləzgilər Azərbaycan cəmiyyətinin mühüm tərkib hissəsidirlər və Azərbaycanın dövlət quruculuğunda, mədəniyyətinin, elminin inkişafında mühüm xidmətlər göstəriblər. Amma bu cür ləzgiləri Etibar yanına buraxmır.

Energetik 2018-07-06 16:25:33

Enerji sistemdə baş verən iri və ya xırda qəzaların əsas səbəbkarları Nazirlər kabinetində və MM-də bu sahəyə kurasiya edənlərdir.Yoxlasınlar görək ölkənın iqtisadiyatının, sənayəsinin şah damarı olan energetika,daha doğrusu enerji istehsal edən elektrik stansiyaların mühəndis-texniki işçiləri orta hesabla nə qədər əmək haqqı alırlar.(300-500manat)Axı bu sahə elə-belə sahə deyil.Yüksək əmək haqqı olmayan sistemdə hansı mütəxəssis qalıb işləyər? Elə qiymətin nəticəsi də belə olur.40 ildir bu sistemdə işləyirəm.Enerji sistemin köhnə sovet avadanlıqları istismara yararsızdır.Bu stansiyalar ya sökülməli ya da modifikasiya edilməlidir.Yeni stansiyalar- Ulu Öndər Heydər Əliyevin göstərişi ilə "Qara şəhərİEM" yenidən qurulması,prezident İ.Əliyevin ölkəyə yeni stansiyalar gətirməsi ilə generasiya gücləri artırıldı.Amma sonra nə oldu.Həmin stansiyalar savadsız,bacarıqsız personalların umuduna qalıb dagılır.Tam gücü ilə işləyən yoxdur. Stansiyalardakı ən bacarıqlı,savadlı mühəndis texniki işçilərin əksəriyyəti öz qabiliyyətlərini xarici şirkətlərdə göstərməklə yüksək əmək haqqı alırlar.Yeni "Modul" deyilən stansiyalar daxili yanma mühərrikləri prinsipi ilə işlədiyindən onlar təlimata uyğun 500-1000-2000 və s. saatdan bir saxlanıb texniki xidmət olunmalıdır. Bu stansiyaların normal işləməsi üçn ehtiyat hissələri daim yanında olmalıdır.Əks halda həmin aqreqat bəzən 200-2000 man ehtiyyat hissə səbəbindən aylarla,hətta illərlə işdən dayanır.Bu da sistemin dayanıqlı saxlanmasına zərurət yaratmır.Ehtiyat hissələr bütün növ stansiyalar üçün ən vacib amildir.O da təmin edilmir.Səbəb budur

EWDER 2018-07-06 16:25:33

BELE WIRKET DEN ANCAQ INKIWAF GEZLEMEK OLAR...AZINKO KIMI...ONA WEREF ORDENI VERILMELIDI....BAYRAQ MEYDANINI SOKDUYUNE GORE.

Abit 2018-07-06 16:25:33

Neteri oluf heç kim bilmeyib bu qeder pulu dağıdıf,aqibeti sonluğo

Mirzə AĞ 2018-07-06 16:25:33

Bizdən isti ölkələrdə bizdəki qədər talan-qarət yoxdur!!! Daha qarətin buynuzu olmaz ki...

Son yazılar